...

Azərbaycan Prezidenti: Biz istəyirik ki, dünyada da dini, milli zəmində heç bir problem olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq

Siyasət Materials 7 İyun 2018 03:26 (UTC +04:00)
"Biz istəyirik ki, dünyada da dini, milli zəmində heç bir problem olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq".
Azərbaycan Prezidenti: Biz istəyirik ki, dünyada da dini, milli zəmində heç bir problem olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq

Bakı. Trend.

"Biz istəyirik ki, dünyada da dini, milli zəmində heç bir problem olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq".

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda “İslam Həmrəyliyi İli” ərzində bir çox tədbirlər keçirilib: "Onların arasında əlbəttə ki, şeyx həzrətlərinin təşkil etdiyi tədbirləri mən xüsusilə qeyd etmək istərdim. Qeyd etdiyim kimi, xarici ölkələrdə bir çox önəmli konfranslar keçirilmişdir. Yekun tədbir keçən ilin sonunda – dekabr ayında Bakıda keçirilmiş böyük konfrans idi. Hesab edirəm ki, konfransa dünyanın aparıcı dini liderlərinin və dövlət xadimlərinin göndərdikləri təbriklər bu tədbirin önəmini qeyd etməklə yanaşı, eyni zamanda, Azərbaycana hörmətin təzahürü idi. Biz bunu belə qəbul edirik. Bu konfransı keçirərkən biz bir daha gördük ki, belə tədbirlərin keçirilməsinə nə qədər ehtiyac var. Çünki bu gün deyə bilərəm ki, Azərbaycan bu tədbirlərin dünya səviyyəsində, belə mötəbər səviyyədə keçirilməsi ilə ümumbəşəri dəyərlərə çox böyük töhfə verir. Mən hesab edirəm ki, bizim bu sahədəki nadir rolumuz böyük qiymətə layiqdir və yüksək qiymətləndirilir. Hesab edirəm ki, biz gələcəkdə bu istiqamətdə öz fəaliyyətimizi davam etdirməliyik.

Konfransdan sonra şeyx həzrətləri ilə söhbət əsnasında belə qərara gəldik ki, bu kimi tədbirlər Azərbaycanda ənənəvi olaraq keçirilməlidir. “İslam Həmrəyliyi İli” artıq başa çatıb. Ancaq biz elə etməliyik ki, bu məsələ daim diqqət mərkəzində olsun. Bunu etmək üçün xüsusi tədbirlər planı hazırlanıb və icra ediləcək".

İlham Əliyev bildirib ki, yəni bu gün Azərbaycanın bu sahədə apardığı işlərə dünyada yenə də böyük ehtiyac var: "Təsadüfi deyil ki, bizim təşəbbüsümüzlə on il bundan əvvəl başlanan “Bakı Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs heç kim tərəfindən irəli sürülməmişdir. “Bakı Prosesi” sırf Azərbaycan təşəbbüsüdür. Bu il biz “Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik. Bu təşəbbüs BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. “Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir və bu illər ərzində görün biz Azərbaycanda nə qədər böyük tədbirlər keçirmişik - dünya dini liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları. Yəni, bütün bunları biz ona görə edirik ki, buna böyük ehtiyac var. Biz istəyirik ki, nəinki Azərbaycanda, dünyada dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənsin.

Biz ölkə daxilində bütün bu məqsədlərə çatmışıq. Bu gün Azərbaycanda dini, milli zəmində heç bir problem, heç bir anlaşılmazlıq yoxdur. Ancaq biz istəyirik ki, dünyada da olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq".

Prezident vurğulayıb ki, bu gün dünyada Azərbaycan multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib: "Bu, həm dövlət siyasətidir, həm cəmiyyətdən gələn sifarişdir. Bu, böyük sərvətdir, xüsusilə indiki zəmanədə. İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır. Biz əlbəttə ki, bu sahədə gördüyümüz işləri daha yüksək qiymətləndirməliyik və elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin. Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti