...

Azərbaycanda vəkil qurumlarının sayı 48-ə çatıb (FOTO)

Siyasət Materials 7 Sentyabr 2018 12:28 (UTC +04:00)
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Azərbaycanda vəkil qurumlarının sayı 48-ə çatıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Trend-ə verilən məlumata görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilib, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilib.

Daha sonra 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinə daxil olmuş I kurs tələbəsi Şahxanım Həsənovaya Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təsis edilmiş “Əlimərdan bəy Topçubaşov” adına təqaüdün verilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Salyan rayonunda yeni vəkil bürosu, o cümlədən Bakı şəhərində 20 saylı və “LCG” vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılıb və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar verilib.

Eyni zamanda başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə əsasən, hüquq üzrə elmlər doktoru dərəcəsi olan şəxslərin Vəkillər Kollegiyasına vəkil andı içərək birbaşa qəbul olunması proseduruna uyğun olaraq, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, tanınmış hüquqşünas, hüquq elmləri doktoru Firuzə Abbasova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. Beləliklə, Vəkillər Kollegiyasının üzvləri sırasında hüquq elmləri doktorlarının sayı 7-ə çatıb.

İclasda vəkillər barəsində başlanılmış 24 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib. Xüsusilə, vəkilə etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulub, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə və məhkəmə prosesi iştirakçılarına münasibətdə nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verilib, müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunub. Digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.

Sonda Kollegiyanın fəaliyyətinə dair sair məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti