Bakı. Trend:
Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub.
Trend-in məlumatına görə, bunu “Azərxalça” ASC-nin Ağdam filialının açılışında iştirak edən Prezident İlham Əliyev xalçaçılarla görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Sizi bu gözəl xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, sayca yeddinci fabrikdir. Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağdam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 iş yeri yaradılıb, işləyənlər də qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm də gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz çox yüksək qiymətə layiqdir".
İlham Əliyev bildirib ki, Ağdamın qədim xalçaçılıq məktəbi var: "Burada qədim xalçalar da nümayiş etdirilir. İndi Sizin də əl işləriniz göz qabağındadır. Ona görə ki, xalça sənəti bu gün milli sənətimizdir, milli sərvətimizdir. Biz yaşadırıq, yaşadacağıq. Sizin kimi insanlar, əlbəttə ki, bu gözəl sənəti əbədi yaşadacaqlar. Sizi ürəkdən təbrik edirəm".