Bakı. İlhamə İsabalayeva - Trend:
Ölkəmizin son illərdə öz iqtisadi nüfuzunu artırması, ayrı-ayrı dövlətlərdə milyardlarla dollarlıq sərmayə yatırması nəzərə alınarsa, Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın səfəri olduqca əhəmiyyətlidir. Bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.
Afrika qitəsinin dünyanın diqqət mərkəzində qalmağa davam etdiyini deyən politoloq hesab edir ki, böyük dövlətlər "qara qitə"yə milyardlarla dollar vəsait yatırmaqla burada öz geosiyasi, ticari-iqtisadi maraqlarını həyata keçirməyə çalışır, eyni zamanda, Afrika ölkələri ilə ən müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalamağa çalışırlar.
N.Məmmədova əlavə edib ki, ABŞ, Fransa, Britaniya kimi ənənəvi müstəmləkəsi olan ölkələrdən başqa, Azərbaycanın yaxın qonşuları olan Rusiya və Türkiyə də hazırda bəzi Afrika ölkələri ilə yaxın münasibətlər qurublar. Azərbaycan da artıq qlobal geostrateji siyasət aparan dövlət kimi bütün qitələrdə, o cümlədən Afrikada öz strategiyasını tətbiq etməyin zərurətini dərk edir və buna müvafiq siyasət həyata keçirir:
"Biz Afrika ölkələri ilə beynəlxalq təşkilatlarda əməkdaşlığı, enerji, dövlət idarəçiliyi və s. sahələrdə əlaqələrimizi davam etdirə, təcrübəmizi bölüşə bilərik. Bu, beynəlxalq hüquq çərcivəsində baş tutan sivil, qarşılıqlı faydalı əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlərdir. Zimbabve də bu baxımdan olduqca mühüm ölkələrdəndir. Qitənin cənubunda yerləşməsi, Qoşulmama Hərəkatının fəal üzvü olması, BMT-nin Afrikadakı sülhyaratma missiyalarında yaxından iştirakı Zimbabveni bəzi Afrika ölkələrindən fərqləndirir. 2006-cı ildən etibarən Zimbabve hökuməti "Şərqə baxış" adlı dövlət proqramını elan edərək Qərbdən uzaqlaşmaqla Çin, Hindistan, İran, İndoneziya kimi ölkələrin bazarlarına yönəlib".
Zimbabvedə qiymətli metallar və daşların, o cümlədən zəngin qızıl və almaz yataqlarının olduğunu xatırladan N.Məmmədova qeyd edib ki, uzun illər Ermənistanın keçmiş prezidenti Sarkisyan, onun yaxın ətrafı, eləcə də erməni kilsəsinin adı Afrikada brilyant qaçaqmalçılığında və "qara qitə" ilə bağlı digər qeyri-leqal işlərdə hallanıb: "Azərbaycan isə dünya dövlətləri, o cümlədən Afrika ölkələri ilə beynəlxalq münasibətlərdəki əlaqələrini şəffaflıq, qanuni, ikitərəfli razılaşmalar əsasında qurur. Bu baxımdan Zimbabve də istisna deyil. Ölkə keçmiş prezident Muqabenin dövründə bir çox problemlərlə qarşılaşsa da, yeni dövlət başçısı Emmerson Mnanqaqva xarici sərmayələrin təhlükəsizliyinə təminat verib".