...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri qurumun həmməruzəçisi ilə görüşüblər

Siyasət Materials 4 İyul 2019 11:39 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüb.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri qurumun həmməruzəçisi ilə görüşüblər

Bakı. Elçin Mehdiyev - Trend:

İyulun 4-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüb.

Məclis Aparatından Trend-ə verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq Azərbaycanla qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb.

Bildirilib ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb. Qeyd edildi ki, əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır.

Səməd Seyidov ölkəmizdə son dövrdə bütün sahələrdə həyata keçirilən islahatlardan söhbət açıb. Parlamentin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı qanunvericilik bazasınını təkmilləşdirilməsi prosesi aktiv surətdə həyata keçirilir və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının iclasları hələ davam edir.

Qeyd edilib ki, ölkədə insanların hüquq və azadlıqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, firavan yaşaması üçün mühüm addımlar atılır. Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilir. O, AŞ PA-da təmsil olunan deputatlarımızın qurumun bütün tədbirlərində səmərəli fəaliyyəti barədə də danışıb.

AŞ PA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak səmimi görüş üçün minnətdarlığını söyləyib. Azərbaycan dövlətinin son illərdə yüksək templə inkişaf etdiyindən məmnunluğunu bildirib. O, tərəqqinin davamlı olması üçün dünyada və bölgədə sülhün və əmin-amanlığın bərpasının böyük önəm kəsb etdiyini deyib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti