...

Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub (FOTO)

Siyasət Materials 13 İyul 2019 11:15 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsində Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Yubiley medalı” ilə təltif edilmiş Cümhuriyyət varislərinə medallar təqdim edilib.
Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsində Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Yubiley medalı” ilə təltif edilmiş Cümhuriyyət varislərinə medallar təqdim edilib.

Trend-in məlumatına görə, təqdimatda Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfael Hüseynov və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli də iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Xalq Cümhuriyyət qurucularının xidmətlərindən danışıb, onların varislərinin “Yubiley medalı” ilə təltif edilməsinə görə ölkə başçısına kollektiv adından dərin minnətdarlığını bildirib.

“Yubiley medalı”na layiq görülmüş AXC-nin ilk yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi, dirijor, Azərbaycanın xalq artisti Ramiz Məlikaslanov və Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, şair Əhməd Cavadın nəvəsi Anar Axundzadə öz növbəsində babalarının xidmətlərinə verilən qiymətə və onlara göstərilən diqqətə görə ölkə Prezidentinə təşəkkür ediblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdimatı ilə “Yubiley medalı” ilə təltif olunmuş şəxslər arasında Azərbaycan diasporunun Amerika Birləşmiş Ştratlarındakı fəal nümayəndələrindən biri Əbülfəz Bahaduri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti