Bakı. Trend:
Oktyabr 1-də Bakı şəhər prokurorluğunda Azərbaycan Prokurorluğunun yaradılmasının 101-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov, ölkəmizdə ilk prokurorluq orqanının Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla fəaliyyətə başlamasını qeyd edərək Azərbaycan Prokurorluğunun keçdiyi mürəkkəb və şanlı inkişaf yolundan bəhs etmişdir.
Xüsusilə vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində aparılan əsaslı islahatlar Azərbaycan prokurorluğunu da əhatə etməklə müasir tələblərə cavab verən orqan kimi formalaşdırılmasına başlanmışdır.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluğa daim dövlət səviyyəsində diqqət və qayğı göstərilir, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş Dövlət proqramı bu dövlət orqanının müasir dövrün tələbləri səviyyəsində inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur. Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər sırasında peşə bayramı ərəfəsində Səbail rayon prokurorluğunun müasir standartlara cavab verən yeni inzibati binasının tikilərək əməkdaşların istifadəsinə verilməsi xüsusi qeyd edilmişdir.
Diqqətə çatdırılmışdır ki, respublikada davamlı şəkildə həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq Bakı şəhər prokurorluğu da inkişaf yolu keçməklə öz fəaliyyətini təkmilləşdirmiş və qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, həyata keçirilən köklü islahatlar Azərbaycan prokurorluğunu və onun tərkib hissələrindən olan Bakı şəhər prokurorluğunu insan hüquq və azadlıqlarının layiqli müdafiəçisinə çevirən etibarlı dövlət orqanı kimi formalaşdırmışdır.
Tədbirdə çıxış edən Bakı şəhər prokurorunun müavini Azər Əsgərov prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırmışlar.
Bakı şəhər prokuroru İlqar Abbasov yekunda prokurorluq orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə prokurorluq işçilərini bir daha təbrik edərək, prokurorluğa göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
İ.Abbasov əmin etmişdir ki, Bakı şəhər prokurorluğu bundan sonra da dövlətçiliyimizin, suverenliyimizin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək məsuliyyət hissi ilə çalışacaqdır.
Tədbirin sonunda Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə barələrində həvəsləndirmə tətbirləri tətbiq edilmiş əməkdaşlara mükafatlar təqdim edilmişdir.