...

Arzu Nağıyev: Müxtəlif dövlətlərdə lobbiçilik fəaliyyəti ilə məşğul olmaq üçün həmin ölkələrin vətəndaşlığını almaq vacibdir

Siyasət Materials 17 Aprel 2020 16:36 (UTC +04:00)
Arzu Nağıyev: Müxtəlif dövlətlərdə lobbiçilik fəaliyyəti ilə məşğul olmaq üçün həmin ölkələrin vətəndaşlığını almaq vacibdir

Bakı. Elçin Mehdiyev – Trend:

İkili vətəndaşlığı olan Azərbaycan vətəndaşlarının bu barədə müvafiq quruma məlumat təqdim etməməyə görə cinayət məsuliyyətindən azad edilməsi mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Nağıyev bildirib ki, bəzən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun indi dəyişiklik təklif edilən maddəsindən vətəndaşlara qarşı sui-istifadə edilirdi: “MDB və digər ölkələrdə çalışan vətəndaşlarımız məcbur idi ki, həmin ölkələrin vətəndaşlığını alsınlar, lakin bəzən onlar sərhəddən buraxılmırdılar, xüsusən burada sui-istifadə halları var idi.

Eyni zamanda, müxtəlif dövlətlərdə lobbiçilik fəaliyyəti ilə məşğul olmaq və qanunverici orqanlarda təmsil olunmaq üçün həmin ölkələrin vətəndaşlığını almaq vacibdir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu cinayət məsuliyyətinin aradan qaldırılması həmin vətəndaşlarımızın sərbəst fəaliyyətinə şərait yaradacaq”.

A.Nağıyev əlavə edib ki, ancaq bu, heç də o demək deyil ki, cinayət törədərək qaçıb xaricdə gizlənən şəxslər məsuliyyətdən qaça biləcəklər: “Hüquq-mühafizə orqanlarının həmin şəxsləri hər zaman Azərbaycana ekstradisiya etmək imkanları var”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı hissənin ləğvi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti