...

Tamam Cəfərova: Heç kimə imkan verilməyəcək ki, milli təhlükəsizliyimizi öz məsuliyyətsizliyi ilə təhdid etsin

Siyasət Materials 1 İyul 2020 15:36 (UTC +04:00)
Tamam Cəfərova: Heç kimə imkan verilməyəcək ki, milli təhlükəsizliyimizi öz məsuliyyətsizliyi ilə təhdid etsin

Bakı. Trend:

Cənab Prezident qeyd etdi ki, pandemiya ilə mübarizə, vətəndaşların sağlamlığının qorunması MİLLİ TƏHLÜKƏSİZLİK məsələsidir. Heç kimə imkan verilməyəcək ki, milli təhlükəsizliyimizi öz məsuliyyətsizliyi ilə təhdid etsin.

Trend-in məlumatına görə, Milli Məclisin iyun ayının 29-da keçirilən növbədənkənar iclasında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinın pozulmasına görə cərimələrin artırılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsini şərh edərkən millət vəkili Tamam Cəfərova belə deyib.

Millət vəkili bildirib ki, COVİD-19 pandemiyasına yoluxanların sayı durmadan artır. Statistikaya əsaslansaq, dünyada bu virusa yoluxanların sayı artıq 10 milyona, ölənlərin sayı isə yarım milyona çatır: "Son vaxtlar ölkəmizdə də koronavirus infeksiyasına tutulanların sayında xeyli atım baş verib. Bunun əsas səbəbləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bir qrup insanlar hələ də pandemiyanın törədə biləcəyi bəşəri fəlakətin fərqində deyillər. Halbuki, bü gün pandemiya ilə mübarizəni III dünya müharibəsi adlandırılar. Məsuliyyətsiz insanlar təkcə özlərinin deyil, ətrafdakıların da həyatını təhlükəyə atırlar. Onların buna haqqı yoxdur. Ən müxtəlif səviyyələrdə bu etinasızlıq pislənilsə də, nəticəsinin ağır olacağı deyilsə də, ümumi mənzərə ürəkaçan deyil. Nəinki ictimai qınaq, hətta tətbiq olunan cərimələr belə, bəzi insanların məsuliyyət hissinə təsir etmir. Belə olan təqdirdə, İnzibati Xətalar məcəlləsinə edilən son dəyişiklik reallıqdan doğdu desək, tam yerinə düşər.

Müəyyən qüvvələrin alətinə çevrilən bəzi sosial şəbəkə istifadəçiləri, cərimələrin sərtləşdirilməsinə müxtəlif don geyindirməyə çalışırlar. Onlara sadə bir sualım var: qoruyucu maska taxan, qanuni icazə metodlarından istifadə edən, sosial məsafə qaydalarını gözləyən hansı vətəndaş indiyə qədər cərimələrə məruz qalıb? 30 qəpiyinə qıymayan və ya qaydaları saya salmayan istənilən vətəndaş qanunamüvafiq qaydada cəzalandırılmalıdır. Hamı, - cinsindən, mənsubiyyətindən, statusundan aslı olamayaq, bu işdə səfərbər olmalı, qoyulan qaydalara, verilən qərarlara birmənalı olaraq əməl etməlidir. Əməl etməyənlər bilməlidir ki, onları daha sərt cərimələr gözləyir. Bu da effekt verməsə, digər inzibati metodlardan istifadə gündəmə gələ bilər. Təəssüflər olsun ki, bütün bunlar məcburiyyətdən doğur. Hər bir vətəndaş öz məsuliyyətini dərk etsəydi, bu tip tədbirlərə də ehtiyac olmayacaqdı. Bəzi insanların davranışı, dövlətin onlara olan münasibətinə qətiyyən adekvat deyil. Cənab Prezidentin qeyd etdiyi kimi, “dövlət virusla mübarizədə nə etmək mümkündürsə, hər şeyi edib və etməkdə davam edir. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək.

Vətəndaşlarımızı bu qaydalara riayət etməyə, daha məsuliyyətli, nizam-intizamlı olmağa çağırıram. Gəlin birlik, həmrəylik nümayiş etdirək, bu çətin günlərdə dövlətimizin yanında olaq. Ancaq birlikdə bu bəlaya qalib gələ bilərik.

Bir şeyi unutmayaq, bu tədbirlərinin yalnız bir məqsədi var- Azərbaycan vətəndaşının sağlamlığı. O vənətdaşın ki, Cənab Prezident onu hər şeydən üstün tutur!".

Qeyd edək ki, Milli Məclisin iyun ayının 29-da keçirilən növbədənkənar iclasında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinın pozulmasına görə cərimələrin artırılmasını müzakirəyə çıxarıldı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi qərara alındı. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti