...

Azərbaycan xalqının iradəsi Qarabağı cənnətə döndərəcək - Deputat

Siyasət Materials 14 Oktyabr 2020 11:35 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

İşğaldan azad olunmuş ərazilərimizdə keçən 30 il ərzində dini məbədlərin, mədəni-tarixi irsimizin dağıdılması, viran qoyulmasının şahidi oluruq. Lakin, buna baxmayaraq artıq Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması və inkişafı istiqamətində bir neçə layihə, dövlət proqramları üzərində iş aparmaqdadır.

Bunu Trend-ə Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, hər bir ölkənin, regionun spesifik xüsusiyyətləri var: “Hər ərazinin də özünəməxsus iqlim üstünlükləri, relyefi, iqtisadi inkişaf meylləri var. Bu baxımdan, işğaldan azad ediliş ərazilərimizin füsunkar təbiəti, təbii resursları, eyni zamanda ölkəmizin maddi imkanları burada qısa zaman kəsiyində bütün infrastrukturun yeniləşməsini təmin etməklə normal həyat şəraitini daha tez bərpa edəcəkdir”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir və bu istiqamətlərdən biri də 2015-ci ildə qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) adlı universal sənəddir:

“17 məqsədi özündə cəmləyən DİM fəaliyyətini işğaldan azad olunmuş ərazilərdə tətbiq olunası normal həyat şəraitini və orada yaşayan bütün millətlərin hər sahəyə əlçatanlığını təmin edə bilər.

Dövlət maraqlarını ifadə edən iqtisadi proqramlar, regional transmilli layihələr, DİM bugünkü reallığı əks etdirən və digər aidiyyatı beynəlxalq proqramları nəzərə almaqla işğal edilmiş ərazilərdə qısa müddətdə əhalinin normal yaşaması, siyasi və iqtisadi xəritə hazırlanması məqsədilə beynəlxalq təşkilatların da iştirak edəcəyi xüsusi Dövlət Komissiyası və ya İşçi Qrupunun fəaliyyətinə ehtiyacın olduğu da məqsədəmüvafiqdir.

Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistan siyasi hakimiyyətinə təsir göstərərək Azərbaycanın suverenliyi çərçivəsində yaşamağa başlayacaqlarını nə qədər tez tələb etsələr, bir o qədər də öz övladlarını daha təhlükəsiz və xoşbəxt böyütməyə nail ola biləcəklər.

Azərbaycanın beynəlxalq nüfüzu, xüsusilə də tolerantlıq və multikulturalizm sahəsində dünyadakı liderliyi, həmçinin iqtisadi dayanıqlılığı bir daha onu sübut edir ki, Azərbaycan çağdaş dünyanın bir tərkib hissəsi kimi müasir çağırışlara müvafiq tezliklə Dağlıq Qarabağda bütün insanların yüksək həyat şəraitini təmin edərək, bütövlükdə Cənubi Qafqaz regionunda davamlı inkişafımızı bütün dünyaya sərgiləyəcəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti