...

MEDİA-nın həlli mümkün problemləri - TƏHLİL

Siyasət Materials 19 Yanvar 2021 11:14 (UTC +04:00)
MEDİA-nın həlli mümkün problemləri - TƏHLİL
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universiteti. Jurnalistika Fakültəsi. Qrupumuzda olan 25 nəfərdən bir tək mən hazırda aktiv jurnalist fəaliyyəti ilə məşğulam. Bəs, digərləri? Ali təhsil diplomu xatirinə Jurnalistika kimi fakültəni bu qədər məşğul etmək olarmı?!

Ötən həftə Azərbaycanda Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması ilə əlaqədar jurnalistika və jurnalist peşəsi gündəmin əsas mövzularından birinə çevrilib. Agentliyə təyin olunan icraçı direktor Əhməd İsmayılovun timsalında bu sahədə bir sıra əsaslı islahatların aparılacağı deyilir. Açığı, bunlar mövcud jurnalistikamız üçün xeyli ümidlər yaradır. Çünki yeni yaradılan Agentlik sələfi olan Kütləvi İnfomasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan fərqli olaraq qarşısına bir çox əsaslı prinsiplər qoyub: Media subyektlərinin iqtisadi müstəqilliyi təmin edilməli, jurnalistin statusu və peşəkarlığı artırılmalı, eləcə də bu sahənin tədrisi prosesi təkmilləşdirilməlidir. Və təbii ki, bunun kimi müsbətyönlü bir çox fəaliyyət planları üzrə də işlərin aparılması hazırda MEDİA-nı düşündürən əsas məsələlərdir.

Bu arada, Agentlik rəhbərliyi jurnalistika sahəsində müəyyən islahatların aparılması üçün jurnalistlərdən gələn təklifləri də dəyərləndirəcəklərini elan edib. Odur ki, gəlin, bu sahədə həlli mümkün olan bir sıra problemləri xatırlatmağa və çözüm yollarını göstərməyə çalışaq;

Hər sahədə olduğu kimi, burada da təməldən başlamaq şərtdir. İlk növbədə, Jurnalistika fakültələrinə qəbul prosesinə nəzarət gücləndirilməlidir. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, ötən tədris ili üzrə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçid balı 325.7-dir (Ödənişli). Dövlət sifarişi əsasında qəbulun keçid balı isə 424.4-dür. Bu da o deməkdir ki, maksium olan 700 balın təqribən yarısını toplaya bilən hər bir kəs Jurnalistika fakültəsinə daxil ola bilər. Təbii ki, burada keçid balı abituriyentlərin ümumi səviyyəsinə görə müəyyənləşir. Amma fakültənin prestijini artırmaqla - qəbul planını azaltmaqla, sırf bu sahəyə maraq göstərən, müəyyən səviyyədə yaradıcılığı olan abituriyentləri cəlb etməklə və təbii ki, paralel olaraq jurnalistika fakültələrində tədrisin keyfiyyətini yüksəltməklə nəyəsə nail olmaq mümkündür. Bunun üçün beynəlxalq təcrübə öyrənilməli və yerli universitetlərdə tətbiqi təşkil edilməlidir! Düzdür, əvvəlki illərdən fərqli olaraq jurnalistikaya qəbul prosesində artıq yaradıcılıq imtahanı da götürülür. Bu, müəyyən qədər effekli olsa da ümumən fakültənin əyyarını qaldırmayıb. Yuxarıda qeyd etdiyim kimi, bu fakültəni diplom xatirinə məşğul etmək olmaz. Heç olmasa, 25 nəfərdən 20-sini jurnalist kimi yetişdirməyi bacarmalıyıq...

Kimdir jurnalist?

Yeni yaradılan agentliyin qarşısında duran ən böyük sual məhz budur. Həqiqətən, kimdir jurnalist - cibində “Press” vəsiqə gəzdirən və onu hər kəsin gözünə soxan, yoxsa belə bir vəsiqəsi olsa da onu hər kəsdən gizlətməyə çalışan biri? Məsələn, mən zərurət yaranmadığı təqdirdə kiməsə “jurnalistəm” deməyə belə çəkinirəm. Niyə? Çünki bu ad artıq ləkəlidir. Çünki ölkədə 17 min jurnalist varsa, onun 15 mini “dezertir”dir. Bu rəqəmi bir neçə il əvvəl Mətbuat Şurası özü açıqlamışdı. Demişdi ki, qanunsuz “Press” vəsiqə gəzdirənlər qanuni jurnalistlərdən məhz bu qədər – dəfələrlə çoxdur. Nəticədə bu gün jurnalist nüfuzu ayaqlar altında deyilmi? “Press” vəsiqə ilə min cür hoqqadan çıxan “reket”lər ayaq tutub yerimirmi? Onlar peşəkar jurnalistlərdən qat-qat yaxşı yaşamırmı? Azdırmı vergidən, əmək müqaviləsindən yayınan, hətta ofisi belə olmayan xəbər saytları?!

Odur ki, “Press” vəsiqə və əmək müqaviləsi məsələsinə mərkəzi qaydada bir əncam çəkilməli, bunun üçün media subyektləri ilə koordinasiyalı fəaliyyət tənzimlənməlidir. Eləcə də reket fəaliyyətinə qarşı sərt cəza tədbirləri görülməlidir. Bu məsələdə hər hansısa bir saytı qara siyahıya salmaqla kifayətlənmək olmaz, onun fəaliyətinə xitam verilməli və rəhbərliyi ciddi şəkildə cəzalandırılmalıdır.

Jurnalistə çatmayan maddi yardım

Gələk media orqanlarının maliyyələşməsi məsələsinə! Bundan əvvəl adıçəkilən fond tərəfindən maliyyələşdirilən qəzetlərlə bağlı çox ciddi problemlərin olduğu üzə çıxdı. Bəzən ayrılan vəsait tam olaraq ya redaksiyalara gedib çatmadı, çatdısa belə, sıravi əməkdaşlar onu öz maddi və ya mənəvi rifah hallarında hiss etmədilər. Ona görə də bundan sonra media resurslarının maliyyələşdirilməsi meyarları dəqiq müəyyənləşməli və onun sonrakı icra mexanizminə nəzarət edilməlidir.

MEDİA-dan gözlənti: Şəffaflıq və fərdilik

Digər mühüm məqamlardan biri də jurnalistlərin Agentlik tərəfindən təşkil olunan hər hansı bir layihə və müsabiqədə iştirakı məsələsidir. Media cameəsinə yaxşı bəllidir ki, bu vaxta qədər bir çox media qurumunun rəhbərliyi ilə münasibətlərdən dolayı onlarla peşəkar qələm əhli müxtəlif layihələrdən və fəxri təltiflərdən kənarda qalıb.

Məhz bu kimi ayrıseçkiliklər olmasın deyə, ümid edə bilərik ki, bundan sonra yeni Agentlik jurnalistlərin hər hansı bir layihədə iştirakında və ya adlarının təltif siyahısına yazılmasında şəffaflığı təmin edəcək.

Unutmayaq ki, bu sahə dünyanın heç bir yerində ideal durumda deyil. Ona görə də ideal olmaq üçün deyil, normal olmaq üçün səylərimizi əsirgəməməliyik. Yeni yaranan agentliyin nizamnaməsindən də görünür ki, qurumun qarşısında çox məsuliyyətli vəzifələr dayanır. Ümid var ki, ciddi nəticələr əldə olunacaq. Əsas prinsip peşəkarlıq, etika və milli mənafedir. Bunlara nail olmaq üçün isə yetərincə imkanlar var...

Elgün MƏNSİMOV
Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti