Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan və Macarstan parlamentləri arasında yüksək səviyyəli əlaqələr mövcuddur.
Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.
Ə.Hüseynli birldirib ki, iki ölkə parlamentlərinin üzvlərinın qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına mühüm töhfə verir.
Ə.Hüseynli macar parlament üzvlərinin Qarabağa səfər etmələrinin vacibliyini vurğulayıb.
“Bir sıra Avropa ölkələrinin parlament nümayəndələri Qarabağa səfər ediblər, lakin təəssüflər olsun ki, bizim macar dostlarımız hələ işğaldan azad edilən ərazilərə səfər etməyiblər. Onların Qarabağa səfər etməsi və orada ermənilər tərəfindən törədilən zorakılığı və dağıntıları və hazırda o ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərini öz gözləri ilə görmələri vacibdir. Macarstan Milli Assambleyasının nümayəndələrinin azad edilmiş ərazilərə səfəri macar şirkətlərini də orada aparılan quruculuq işlərində iştirak etməyə təşviq edə bilər”, - deyə Ə.Hüseynli bildirib.