...

Fransa Prezidentinin təşəbbüsü ilə keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğurudur - TƏHLİL

Siyasət Materials 8 Fevral 2022 00:01 (UTC +04:00)
Fransa Prezidentinin təşəbbüsü ilə keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğurudur - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş Azərbaycanın növbəti diplomatik uğuru sayıla bilər. Görüşdə səsləndirilən fikirlər Azərbaycanın mövqeyi ilə üst-üstə düşürdü.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı bu görüşü Azərbaycanın növbəti vacib diplomatik uğuru kimi qiymətləndirməyə imkan verir.

"Çünki sənəddə Minsk qrupuna istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk qrupuna istinad yer almayıb. Digər tərəfdən də sənəddə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə yoxdur. Bu, həmin terminin tamamilə leksikondan çıxarılmasının və Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti təsdiqidir. Həmin reallığı artıq Minsk qrupunun həmsədri kimi Fransa da qəbul edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Fransa görüşə Minsk qrupunun həmsədri kimi yox, Avropa İttifaqının sədri qismində qatılıb.

"Bu isə onu göstərir ki, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir. Həmin gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir”, - deyə o qeyd edib.

C.Osmanov əlavə edib ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında humanitar məsələlər, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması və etimad quruculuğu ətrafında müzakirələr aparılıb.

“Müzakirə edilən ən vacib məsələlərdən biri də Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması və sülh sazişi üzrə danışıqların başlanması olub. Həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsi barədə razılığa gəlinib”, - deyə o bildirib.

Siyasi şərhçi Elçin Mirzəbəyli isə Trend-ə deyib ki, Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşün yekunlarına dair Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı Azərbaycanın postmüharibə dövrü və regionun gələcəyi ilə bağlı mövqeyinin bütün prinsipial məqamlarını ifadə edir və bu yanaşma rəsmi Bakının öz maraqlarını istənilən müstəvidə qorumaq məharətinin göstəricisi kimi dəyərləndirilməlidir.

“Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə və daha sonra istər informasiya, istərsə də diplomatiya müstəvisində bütün qeyri-obyektiv və ədalətsiz yanaşmaların qarşılığında, özünün beynəlxalq hüququn norma və prinsiplərinə söykənən prinsipial, haqlı və əsaslandırılmış mövqeyini uğurla müdafiə edib, işğalçı üzərində qələbənin simvoluna çevrilən “dəmir yumruğu” dəmir məntiqə çevirməyi bacarıb.

Məhz bu aspektdən, məkanından və iştirakçılarından asılı olmayaraq, Ermənistan rəsmiləri ilə keçirilən bütün görüşlər Azərbaycanın müəyyən etdiyi və reallığı əks etdirən “yol xəritəsi”nin əsas istiqamətlərinin mahiyyətinə uğun razılaşma, açıqlama və bəyanatlarla yekunlaşır. Avropa İttifaqı və Fransa prezidentlərinin son bəyanatında ATƏT-in Minsk Qrupuna istinad edilməməsi, həmçinin sənəddə “Dağlıq Qarabağ münaqişəsi” və hətta “Qarabağ” ifadələrinin yer almaması da ölkəmizin Moskva, Soçi və Brüsseldə keçirilən görüşlərdə nümayiş etdirdiyi prinsipila mövqeyin növbəti dəfə özünü büruzə verməsidir.

Bu, o deməkdir ki, Azərbaycanın haqlı mövqeyi, milli maraqları ilə bağlı müəyyən və ifadə etdiyi “qırmızı xətt” bütün geosiyasi qütblər tərəfindən qəbul edilir. Bu isə öz növbəsində 44 günlük Vətən müharibəsində Azərbaycan əldə etdiyi nəticədən doğan bütün aspektlərin, o cümlədən Azərbaycan Ordusunun işğalçı Ermənistanın silahlı qüvvələri üzərində qələbəsinin legitimliyinin siyasi və hüquqi müstəvidə tanınması, “Qarabağ” mövzusunun gündəlikdən tamamilə çıxarılması deməkdir”, - deyə E.Mirzəbəyli qeyd edib.

O vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsiliyində hazırda mühün strateji əhəmiyyət kəsb edən rola malikdir və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında müzakirə olunan əsas mövzulardan birinin “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” adlanması da ölkəmizin enerji təhlükəsizliyi məsələsində daha geniş arelada önəmli rol oynayacağını sübuta yetirir.

"Bu aspektdən, rəsmi Paris müharibə dövründə və postmüharibə dövrünün ilk mərhələsində sərgilədiyi əsassız, qeyri-obyektiv və subyektiv yanaşmalarını “dəhlizin” kandarında saxlamaq məcburiyyətindədir. Avropa İttifaqının maraqları və Azərbaycan-Aİ münasibətlərinin mövcud səviyyəsi subyektiv və korporativ yanaşmaları istisna edir.

Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüş, eyni zamanda Azərbaycanın dövlət başçısının Brüsselə səfəri zamanı əldə olunmuş uğurlu nəticələrin davamı kimi də qiymətləndirilə bilər. Çünki Brüsseldə müəyyənləşdirmiş və əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlərin yer aldığı uğurlu sülh gündəliyi istisnasız olaraq davam etdirilməkdədir”, - deyə o vurğulayıb.

E.Mirzəbəyli deyib ki, bütövlükdə, görüş zamanı müzakirə olunan məsələlər də mahiyyət etibarilə regiondakı mövcud reallıqlara və bu reallıqların yaradıcısı olan ölkəmizin maraqlarına cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti