...

Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası döyüş meydanında alınıb - Sevil Mikayılova

Siyasət Materials 29 Mart 2022 11:50 (UTC +04:00)
Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası döyüş meydanında alınıb - Sevil Mikayılova

Bakı. Trend:

31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Bakıda soyqırımı planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova vurğulayıb ki, ermənilər tərəfindən törədilən bu soyqırım zamanı minlərlə insan etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, işgəncələrə məruz qaldı. Ermənilər meyitləri dənizə və quyulara atırdılar ki, cinayətin izlərini itirsinlər.

"Həmin dövrün araşdırmalarından, tarixi sənədlərindən məlumdur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Ermənilər uzaqvuran toplarla Təzəpir məscidini zədələmişdilər. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar", - deyə deputat bildirib.

S.Mikayılova qeyd edib ki, Bakı şəhərində başlanılan erməni vəhşilikləri o zaman Azərbaycanın bütün ərazisinə yayılır, Birinci Dünya müharibəsindən sonra davam edən yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırıma məruz qoydular.

"Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı. Mart soyqırımları təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri kimi qaldı. Müxtəlif imperialist qüvvələrin əlində oyuncağa çevirilmiş erməni cinayətləru sistemli xarakter almış, beləki bu soyqırım siyasəti özünü müxtəlif dövrlərdə göstərmişdir", - deyə o əlavə edib.

Lakin Erməni cəladlarının əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmadı. Haqqı tapdanılan, qətlə yetirilən, işgəncə görən dinc azərbaycanlıların qisası döyüş meydanında alındı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu xain düşmənin cavabın bütün müharibə qaydalarına uyğun şəkildə döyüş meydanında verdi", - deyə o əlavə edib.

Deputat bildirib ki, 31 Mart Azərbaycan xalqının qan yaddaşıdır. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərman ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.Bu faciənin araşdırılması və həqiqətlərin dünyaya çatırılması işi də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır.

"Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir, çünki geniş ictimaiyyətin əsl həqiqətləri bilməsi bu cür erməni cinayətlərinin təkrarlanmaması üçün çox vacibdir. ", - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti