...

ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı təhrikedici xarakter daşıyır - İqor Korotçenko

Siyasət Materials 20 May 2022 14:58
ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı təhrikedici xarakter daşıyır - İqor Korotçenko

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin bəyanatı təhrikedici xarakter daşıyır. Faktiki olaraq, bu, Ermənistanda Nikol Paşinyanı devirməyə və İrəvanın üçtərəfli bəyanatda, eləcə də sonrakı razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olmağa çalışan revanşist qüvvələrə dəstək deməkdir.

Bunu Trend-ə Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko səfir Linn Treysinin "Birləşmiş Ştatlar Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək hüquqlarını tanıyır" açıqlamasını verdiyi müsahibəni şərh edərkən deyib.

"Yüksək səviyyəli rəsmi şəxsin verdiyi bəyanat təsadüf və ya yanlışlıq deyil, səfirlər dövlətin adından çıxış edirlər. Bu, Ermənistanda müşahidə etdiyimiz revizionist əhval-ruhiyyəni məqsədli şəkildə qızışdırmaqdır. Bu, faktiki olaraq müxalifətin, eləcə də qlobal erməni lobbisinin ikinci Qarabağ müharibəsinin nəticələrinin reviziyası səylərinin dəstəklənməsidir. Təbii ki, bu bəyanatı səfir özəl şəxs kimi verə bilməz. Aydındır ki, bu, ABŞ Dövlət Departamentinin və Co Bayden administrasiyasının nəzər nöqtəsinin səsləndirilməsidir. Biz istisna edə bilmərik ki, bu, həm də ABŞ-dakı erməni lobbisinin fəal təsiridir. Onlar bu və ya digər şəkildə xarici siyasi qərarların qəbulu proseslərinə təsir etmək imkanına malikdir”, - İ.Korotçenko bildirib.

Siyasi analitik qeyd edib ki, istənilən halda bu bəyanat birmənalı olaraq qınama tələb edir.

O, təəssüflə vurğulayıb ki, bütün bunlar yenidən təkcə İrəvanda deyil, həmçinin, Rusiyada da müşahidə olunan hadisələrlə üst-üstə düşür. Son günlər bir sıra fəal erməni lobbiçiləri Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə yanaşmaları yenidən nəzərdən keçirməli olması ilə bağlı faktiki çağırışlar edirlər.

“Bütün bu hadisələri, bəyanatları və fikirləri bir mozaikaya yerləşdirsək, görərik ki, bu, erməni lobbisinin hökumətə və ictimai rəyə təsir göstərməklə ikinci Qarabağ müharibəsinin nəticələrinin reviziyasını həyata keçirmək cəhdlərinin aktiv mərhələsidir”, - İ.Korotçenko vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı təhrikedici xarakter daşıyır və faktiki olaraq, regionu sülh sazişinin pozulmasına doğru sürükləyir.

"Eyni zamanda, ABŞ-ın heç bir mövqeyinin təkzib edə bilməyəcəyi reallıqlar mövcuddur: Azərbaycanın ikinci Qarabağ müharibəsində hərbi Zəfəri faktiki olaraq Qarabağ problemini həll edib. Üstəlik, fevralda Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev müttəfiqlik qarşılqlı fəaliyyəti barədə Bəyannamə imzalayıb və bu sənəddə Rusiya bir daha Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini təsdiq edib.

Hazırda kifayət qədər gərgin məqamdır, vəziyyəti diqqətlə izləmək, dəyərləndirmək və təbii ki, tez və operativ reaksiya verməkm lazımdır ki, erməni lobbiçilərinin yeni münaqişə yaratmaq planları uğur qazanmasın", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti