Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Qarabağda minaların təmizlənməsi prosesinin dəstəklənməsi çərçivəsində ən böyük sponsordur.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Aİ ilə BMT İnkişaf Proqramının azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesinə yardıma yönəlmiş birgə layihəsinin təqdimatı zamanı deyib.
"Biz bu prosesin sürətlənməsi üçün daha çox vəsaitin cəlb olunmasına çalışacağıq. Biz Cənubi Qafqazı minaların olmadığı yer kimi görmək istəyirik", - səfir deyib.
O qeyd edib ki, minaların istifadəsinin qadağan olunması məsələsində beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır.
"Bu layihə partlamamış sursatlardan risk altında olan hər kəsə fayda verəcək, insan həyatlarını xilas etməyə kömək edəcək", - deyə P.Mixalko bildirib.
(Tərcümə: Orxan Nəbiyev)