Bakı. Trend:
Avrasiya məkanında coğrafi baxımdan Şərqlə Qərb arasında körpü rolunu oynaya biləcək ölkələrin sayı kifayət qədərdir. Onların bəziləri ərazilərinə görə Azərbaycandan dəfələrlə böyük, təbii ehtiyatlarına görə ölkəmizdən dəfələrlə zəngindirlər. Lakin Şərqlə Qərb arasında siyasi, iqtisadi və mədəni körpü rolunu oynamaq, dünyanı çoxsaylı təhdidlər qarşısında qoyan çağırışlara qarşı bəşəriyyəti həmrəyliyə çağırmaq, humanizm prinsplərini, mədəniyyətlərarası dialoqu təşviq etmək missiyası Azərbaycanın qismətinə düşüb və liderlərimizin 1993-cü ildən etibarən həyata keçirdikləri siyasət ölkənin 86.6 min kvadrat km-lik ərazisini geosiyasi baxımdan subregional və qlobal önəm daşıyan bir məkana - geostrateji körpüyə çevirə bilib.
Bunu Trend-in sualına cavabında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, rəsmi Bakının təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri, sivilizasiyalararası dialoqun və humanizim dəyərlərinin təşviqi istiqamətində gerçəkləşdirilən və ildən-ilə əhəmiyyətini daha da artıran təşəbbüslər qlobal miqyasda ölkəmizin nüfuzunu daha da artırıb, Azərbaycanın bütün dünyada qlobal məsuliyyətinə, öhdəliklərinə xüsusi həssaslıqla, prinsipiallıqla yanaşan etimadlı dövlət obrazının formalaşmasına zəmin yaradıb.
"Ölkəmizin istər Qoşulmama Hərəkatı, istər İslam Konfransı və Türk Dövlətləri təşkilatları, istərsə də BMT çərçivəsində irəli sürdüyü təşəbbüslərin dəstək qazanmasının səbəbini də əsasında əməli, ardıcıl, sistemli fəaliyyət dayanan etimadlı münasibətdə, Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli, ardıcıl, bəşəri dəyərlərin qorunmasına, sülhün, əminamanlığın təmin olunmasına xidmət edən siyasətdə axtarmaq lazımdır. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsini və ilk konfransının Bakıda keçirilməsini də məhz bu kontekstdən dəyərləndirməyin vacib olduğunu düşünürəm.
Azərbaycanın timsalında 30 ilə yaxın zaman kəsiyində torpaqları işğal altında qalan, yağmalanan, viran edilən bir ölkənin qarşılaşdıqları haqsızlıqlar ona beynəlxalq münasibətlər sistemindəki boşluqları, ikili standartlara, riyakarlığa, ədalətsizliyə zəmin yaradan amilləri daha dərindən araşdırmaq, dərk etmək və nəticə çıxarmaq imkanı verir. Və Azərbaycan da, təkcə özünün deyil, bütövlükdə bəşəriyyətin, qütbləşmənin ağır nəticələri altında əzilən ölkələrin qarşılaşdıqları problemlərin yaranma səbəblərini kifayət qədər yaxşı bildiyi, ikili standartların ən aqressiv nümunələrini öz təcrübəsində “sınaqdan keçirdiyi” üçün qütblər, maraqlar və fərqli baxışlar arasında dialoq körpüsü missiyasını yerinə yetirməklə bəşəriyyətin taleyi barəsində maraqları bir kənara qoyaraq, birgə düşünmək startegiyasını təqdim edir.
Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər də qütblərarası ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik mexanizmlərinin sıradan çıxdığı, yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün yeni baxış bucağına və təşəbbüslərə ehtiyac duyulduğu bir zaman kəsiyində strateji zəkanın problemlərdən çıxış yolu tapmaq üçün təqdim etdiyi ən optimal humanitar, siyasi, iqtisadi və mədəni platformalar, sülhə, təhlükəsizliyə körpü salan yol xəritələridir", - deyə E.Mirzəbəyli əlavə edib.