Bakı. Trend:
Hansı ölkədə baş verməsindən asılı olmayaraq, amansız müharibə səhnələrindən birbaşa dinc həyata keçmək mümkün deyil. Müharibə nə qədər ədalətli olursa-olsun, bütün hallarda döyüşlərdə iştirak edən insanın psixologiyasına təsir göstərir, onun faktlara və hadisələrə münasibətini dəyişir. Müharibə insanı fiziki və psixoloji cəhətdən yorur. Hətta ən qısa zaman kəsiyində yaşanan həyacanlı anlar, sözlə ifadə edilməsi mümkün olmayan dəhşətli döyüş səhnələri belə uzun illər boyu unudulmur, yaddaşlarda iz buraxır.
Postmüharibə sindromu haqqında bu günə qədər çoxsaylı əsərlər yazılıb, filmlər çəkilib və bundan sonra da yazılacaq, çəkiləcək. Müharibə və postmüharibə sondromu ilə bağlı yazılan bədii əsərlərin ən yaxşılarından olan Kevin Saytsın “Müharibə sindromu. Əsgərlərin danışmadıqları”, Anna Toddun “Ən parlaq ulduzlar”, Erik Remarkın “Üç yoldaş” əsərlərinin süjet xətti real həyatdan götürülüb və hər üç əsərdə müharibənin dəhşətlərindən keçən insanların gündəlik sarsıntıları, öz doğma ailələri, yaxınları ilə bağlı yaşadıqları problemlər reallığa daha uyğun şəkildə əks olunub. Amma müəlliflərin özlərinin də etiraf etdikləri kimi, qəhrəmanlarının bədiiləşdirə bildikləri yaşantıları reallığın cüzi bir hissəsini təşkil edir. Gerçəklik daha amansızdır və onu bədiiləşdirmək mümkün deyil. Və bu amansız gerçəklik mahiyyət etibarilə humanist olan yaradıcı insanın təxəyyülünün sərhədlərinə sığmır.
Uzunmüddətli elmi araşdırmalar nəticəsində formalaşan beynəlxalq standartlara görə, döyüş əməliyyatlarında iştirak edən şəxslərin 90-95%-də əsəb sistemi ilə bağlı problemlər yaranır. Onların 1/3-də, yəni 30%-də isə posttravmatik sindrom yaranır ki, bu da çox təəssüf ki, bir sıra hallarda intiharlarla nəticələnir.
Postmüharibə sindromu ilə bağlı araşdırma apardığım zaman diqqətimi Ukrayna Daxili İşlər nazirliyinin və Hərbi Prokurorluğunun 2017-ci ildə açıqladığı bir fakt çəkdi. Ukraynanın sözügedən təsisatlarının rəsmi açıqlasında qeyd olunur ki, 2015-ci ildən 2017-ci ilin iyun ayınadək antiterror əməliyyatlarında iştirak edən şəxslərin arasında 500 intihar faktı qeydə alınıb. Dəhşətli rəqəmdir, amma reallığı əks etdirir.
Rusiya Dövlət Sosial və Məhkəmə psixiatriası mərkəzinin şöbə müdiri Boris Polojiyin Rusiya mətbuatına verdiyi açıqlamasında qeyd olunur ki, 1990-2010-cu illər ərzində Rusiya Federasiyasında intihar edənlərin sayı 800 min nəfər olub.
“Nezavisimaya qazeta”nın araşdırmasına görə, intihar edənlərin arasında Rusiya ordusundə xidmət keçənlərin və müxtəlif hərbi əməliyyatlarda, o cümlədən Çeçenistan müharibəsində iştirak edənlərin sayı kifayət qədər çox olsa da, ölkənin Müdafiə nazirliyi rəsmi statistikanı açıqlamır.
Qeyd edim ki, sadaladığım faktlar bir sıra hallarda qazilərin qarşılaşdığı problemlərdən diqqətin yayındırılması üçün yox, problemin mahiyyətinin ictimaiyyət tərəfindən daha aydın anlaşılması üçündür.
Bu arada bir məqama da diqqət çəkmək istəyirəm. Posttravmatik sindrom yaşayan qazilərimizin psixoloji sarsıntılarının artmasında onlara emosional təsir göstərən insanların, sosial şəbəkələrdə yayılan əsassız məlumatların, qızışdırıcı ritorikanın, həmçinin intihar halları ilə bağlı məlumatların aqressiv bir şəkildə, bəzən isə çıxış yolu kimi təqdim edilməsinin də rolu az deyil.
ABŞ-ın məşhur sosioloqları, “Verder sindromu”nu kəşf edən alimlər Devid Fillips və Lindi Kartstensenin araşdırmalarına görə, intihar hadisəsi ilə bağlı təhrikedici və emosional materialların yayılmasından sonra, intihar edən şəxslərin sayı, orta hesabla 58 nəfər artır.
Vətən müharibəsi qaziləri və iştirakçılarının cəmiyyətə reinteqrasiyası, onların sosial qayğılarının öz həllini tapması öncül məsələdir və dövlətin də yanaşmasında bu məqam özünü büruzə verir. Şübhəsiz ki, çatışmazlıqlar var və media mənsubu kimi mən də bəzən subyektiv amillərdən, məhdud düşüncəli, problemlərin mahiyyətinə varmağı bacarmayan, həssaslıqdan uzaq, başqasının ağrısını öz ağrısı kimi qəbul edə bilməyən bəzilərinin günahından qaynaqlanan narazılıqlar barədə müraciətlər alıram. Və təbii ki, belə hallara qarşı, problemin mahiyyətinin obyektiv şəkildə araşdırılması, təhlil edilməsi şərti ilə mübarizə aparmaq hər birimizin vətəndaşlıq borcudur.
Şəhid ailələri, qazilər, Vətən müharibəsinin iştirakçıları, torpaqlarımızın işğaldan azad edilməsində xidməti olan hər kəs Millətin də, Dövlətin də başının tacıdır. Bunu təkrar-təkrar dilə gətirməyə ehtiyac da yoxdur. Biz artıq bu mərhələni də geridə buraxmalıyıq və başımızın tacı olan dəyərli həmvətənlərimizin bizimlə çiyin-çiyinə irəliyə doğru addımlamaları üçün əlimizdən gələni əsirgəməmiliyik.
Bu proses qarşılıqlı olmalıdır, şübhəsiz...
Qazilərimizin tez bir zamanda toparlanacaqlarına, qarşılarına böyük hədəflər qoyacaqlarına və hədəflərə Qarabağa vardıqları kimi çatacaqlarına şübhə etmirəm. Qazilərimizin, Vətən savaşında iştirak bütün əziz həmvətənlərimizin də döyüş meydanında olduğu kimi, mülki həyatda da nümunə olacaqlarına inanıram! Onlar bütün sahələrdə cəmiyyətimizin lokomativlərinə çevriləcək, Azərbaycanımızın inkişafına böyük töhfələr verəcəklər.
Elçin Mirzəbəyli
Siyasi şərhçi