...

Peşəkarlıq və mənəvi məsuliyyət ön planda olmalıdır - QHT sədri

Siyasət Materials 29 İyul 2022 15:38 (UTC +04:00)
Peşəkarlıq və mənəvi məsuliyyət ön planda olmalıdır - QHT sədri

Bakı. Trend:

Mediada və sosial şəbəkələrdə Orduya dair bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri təəssüf doğurur və bunun qarşısı alınmalıdır.

Bu fikirləri Trend-ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

“Jurnalistlərin, blogerlərin, ictimai fəalların və sosial şəbəkə istifadəçilərinin hər zaman məmurlara və müxtəlif sahədə çalışan şəxslərə ünvanlandığı əsas tələb vicdanlılıq və mənəvi məsuliyyət məsələsi olmuşdur.

Eyni zamanda, jurnalistlərin, blogerlərin, ictimai fəalların, sosial şəbəkə istifadəçilərinin və hər bir vətəndaşın eyni məsuliyyəti olmalıdır.

Başqa sözlə desək, hər hansı yanlış informasiyaların yayımlanmasına görə məsuliyyət olmalıdır. Bu informasiya xüsusən də müdafiə və hərbi məsələlər ilə bağlı olduqda məsuliyyət daha da ciddi olmalıdır.

Hesab edirəm ki, məsələnin mənəvi aspekti onun hüquqi aspektindən daha önəmlidir. Jurnalist yaydığı qeyri-dəqiq informasiyanın auditoriyaya vura biləcəyi zərbəni, ajiotajı da düşünməlidir.

İnternet media subyektlərində və sosial şəbəkə profillərində Azərbaycan Ordusu ilə bağlı əsassız bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi əslində dövlət əleyhinə aparılan bir işdir. Əgər həmin fəaliyyətin dövlət və milli maraqlar əleyhinə olduğunu bəzi “peşəkarlar” bilmirsə, həmin şəxslərə bu xəbərdarlıqlar qanunun ən sərt dili ilə çatdırılmalıdır. Bunun üçün hüququ baza da var.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014-cü il tarixi ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamı və eyni zamanda “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu hansı məlumatların yayımlanmamasına və məsuliyyətə səbəb olmasına aydınlıq gətirir”, - o deyib.

Təşkilat sədri qeyd edib ki, söz və ifadə azadlığı ilə dövlət sirri arasında olan fərqi hər bir şəxs anlamalı və fəaliyyətində bunu nəzərə almalıdır: “Xüsusən, Azərbaycanın yerləşdiyi coğrafi mövqe və bəzi dövlətlərin bu regionda olan maraqlarını nəzərə alsaq, informasiya ilə necə davranmalı olduğumuzu bir daha nəzərdən keçirməliyik. Nəzərə almalıyıq ki, müxtəlif xarici qüvvələr də Azərbaycanın informasiya mühitinə zərərli məlumatların ötürülməsinə cəhd edirlər.”

C.Hüseynzadə vurğulayıb ki, ordu və hərbi məsələlər ilə bağlı yayımlanan hər bir informasiyada peşəkarlıq, mənəvi məsuliyyət ön planda olmalıdır. “Çoxlu sayda baxış yığmaq, yaxud sosial şəbəkələrdə bəyənmə qazanmaq üçün yanlış məlumatların yayımlanması yol verilməzdir, bu addıma görə hər bir şəxs mənəvi və hüquqi məsuliyyət daşımalıdır.

"Biz, eyni zamanda, vətəndaşlar arşında maarifləndirmə işini də paralel aparmalıyıq. Mütəmadi olaraq müxtəlif media subyektlərində (xüsusən radio və TV-lərdə), əhalinin çox olduğu məkanlarda (metro və s.) maarifləndirici roliklər, posterlər və s yayımlamalıyıq. Çünki məqsəd kimisə cəzalandırmaq deyil, media və informasiya mühitinin sağlamlaşdırılmasıdır.

Eyni zamanda, hesab edirəm ki, media təşkilatları jurnalistlərin peşəkarlığının artırılması üçün müxtəlif tədbir təşkil etməlidir. Bu tədbirlərdə bütün jurnalistlərin iştirakını təmin etmək lazımdır", - deyə Cəsarət Hüseynzadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti