Bakı. Trend:
“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantında əvvəlki müzakirələr zamanı irəli sürülən bir sıra təkliflər nəzərə alınıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, qanun layihəsinin ilkin variantında narazılıq yaradan bəzi məsələlər aradan qaldırılıb. “Partiyaların yaradılması, ləğv edilməsi və digər məsələlərə görə verilən müddətlərə yenidən baxılıb. O müddətlər ki, çox hesab edilirdi azaldılıb, az hesab edilirdi çoxaldılıb. Müddətlər ortaq məxrəcə gətirilib. Qanun layihəsinə digər dəyişikliklər də edilir, müzakirələr zamanı narazılıq yaradan digər məsələlər aradan qaldırılıb. Hesab edirəm ki, qanun layihəsini plenar iclasa tövsiyə etmək üçün əsaslar var”, - deyə o qeyd edib.
Qeyd edək ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.
Bununla yanaşı yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirlib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib.
Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.