...

Yeni Azərbaycan Partiyasının yaradılması dövrün tələbi idi - Rauf Əliyev

Siyasət Materials 24 Noyabr 2022 11:41 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının yaradılması dövrün tələbi idi - Rauf Əliyev

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu nitqi YAP-ın keçdiyi 30 illik çətin və şərəfli yola və qarşıda duran perspektivlərə həsr olunmuşdur. YAP-ın hansı ağır şəraitdə yaradılıdığınıdan bəhs edən cənab Prezident bildirmişdir ki, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi.

Ölkə Prezidenti bu əminliyi ifadə etdi ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün ölkəmizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq.

Hər bir ölkənin inkişafında iqtisadi müstəqilliyin rolu inkaredilməzdir. İqtisadi cəhətdən başqasından asılı olan ölkələr müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu məqam hər zaman önə çəkilir. Ölkə Prezidenti sözügedən nitqində də iqtisadi amilin müstəqil siyasətdə roluna diqqəti yönəldərək bildirdi ki, hər zaman siyasətimizin ancaq xalqımızın iradəsini əks etdirməsini istəyirdik. İstəyirdik ki, heç bir kənar qüvvə iradəmizə təsir edə bilməsin. İqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilir.

Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, Ulu Öndərin şəxsiyyətinə dərin hörmətini ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi: “Cənab İlham Əliyev Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bu vədini açıqladı ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 19 ilin hadisələri göstərir ki, belə də oldu. Ulu Öndərin bütün tapşırıqları, tövsiyələri yerinə yetirildi. Yeganə həll olunmamış məsələ Qarabağ münaqişəsi idi. Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli müraciətində axıra çatdıra bilmədiyi taleyüklü məsələlərdən bəhs edərkən sözsüz ki, Qarabağ məsələsini nəzərdə tuturdu. Bunun üçün Azərbaycan gücləndi, ordumuz Qələbəyə hazırlandı, məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. 8 Noyabr tarixi xalqımızın yaddaşında əbədi olacaq. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi həmin gün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis olundu. 2020-ci il noyabrın 8-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan Zəfər müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Torpaqlarımızın işğaldan azad edilməsi ilə ulu öndər Heydər Əliyevin sonuncu vəsiyyəti də yerinə yetirildi.”

Dövlət başçısı İlham Əliyevin çağırışlarla zəngin nitqi 30 ilin uğurlarının növbəti illər üçün möhkəm baza olduğunu təsdiqləyir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə çoxsaylı layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti