...

Brüsseldə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Siyasət Materials 5 Dekabr 2022 18:34 (UTC +04:00)

Bakı. Trend:

Brüsseldə “Daha təhlükəsiz dünya naminə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Avropada Etiqad Azadlığı və Təhlükəsizlik İnstitutu, eləcə də Avropa İslahatı üzrə Yeni İstiqamət Fondunun təşkilatçılığı ilə reallaşıb. Tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumlar, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Trend xəbər verir ki, üç sessiyadan ibarət olan konfransda Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, DQİDK-nın sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Yeni İstiqamət Fondunun icraçı direktoru Vitold de Şevilli, Avropa Ravvinləri Konfransının prezidenti Baş ravvini Pinxas Goldşmidt, Avropa Şurasının Antisemitizm, anti-müsəlman və digər dini dözümsüzlük və nifrət cinayətləri üzrə xüsusi nümayəndəsi Daniel Holtgen, Avropa Parlamentinin üzvü Marqarita de la Piza Karrion, Hayder Qlobal şirkətinin baş direktoru Səccad Kərim, Belçika Yəhudi Mərkəzi Konsistoriyasının prezidenti Filip Markieviç, Heartland Təşəbbüsünün Avropa və Asiya Koordinatoru və Avropa Yəhudi Assosiasiyasının üzvü Aynur Bəşirova, İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Bölgəsi Rəhbərliyinin üzvü Elder Erix Kopişke, Beynəlxalq Bəhai İcmasının Brüssel Ofisi - Avropa Şurası, Avropa İttifaqı və ATƏT üzrə nümayəndəsi Raşel Bayani, Amerika Yəhudi Komitəsinin Transatlantik İnstitutunun direktoru Daniel Şvammental, İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin Avropa İttifaqı və Beynəlxalq Əlaqələr İdarəsinin direktoru Fransesko Di Lillo, KAICIID Beynəlxalq Mərkəzinin Proqram Departamentinin direktoru Davide Kapekki və digərləri “Müasir dünyada dinin rolu”, “Dinlərarası harmoniya davamlı inkişafın mühüm elementi kimi”, “Dinlərarası dialoq sülhə necə töhfə verə bilər?” mövzularında öz fikirlərini bildiriblər.

Sədr müavini S.Heydərov çıxışında vurğulayıb ki, bu gün həm İslam, həm də Xristian aləmində dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılıb və gələcəkdə də yeni ocaqların yaradılması istisna deyil. Dini təhlükəsizlik problemlərinin gələcəkdə dünyada qlobal təhlükəsizlik problemlərinin əsasına çevrilməklə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşmasına gətirib çıxaracaq prosesin başlanması gözardı edilə bilməz. Dindən siyasi məqsədlər üçün sui-istifadə, ksenofobiya, antisemitizm, islamofobiya kimi günümüzün qlobal çağırışları sülh, təhlükəsizlik və sosial birliyə ciddi təhlükə yaradır. Bu çağırışlar mədəni müxtəlifliyi, sivilizasiyalararası dialoqu, müxtəlif dinlər arasında anlaşmanı təşviq etmək, bununla da tolerantlığı artırmaq məqsədi ilə müxtəlif dinlər və mədəniyyətlər arasında möhkəm dialoqun qurulması üçün beynəlxalq miqyasda səylərin birləşdirilməsini və gücləndirilməsini hər zaman olduğundan daha çox tələb edir.

Bu baxımdan uğurlu Azərbaycan nümunəsinə diqqət çəkən Komitə rəsmisi bildirib ki, ölkəmizdə din azadlığı prioritet məsələdir və onun qorunması Respublikanın təhlükəsizliyinin başlıca qarantıdır. Azərbaycan dünya xəritəsində tolerantlıq mərkəzinə, XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu platformaya çevrilib. Dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan tolerantlıq nümunəsidir, çünki multikulturalizm və birgəyaşayışı həyat tərzinə çevirməyi bacarıb. Səyavuş Heydərov qeyd edib ki, Azərbaycanın əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm, birgəyaşayış strategiyası artıq dünya ictimaiyyətinin diqqətindədir. Sözügedən strategiyanın ana xəttini təşkil edən, memarı Prezident İlham Əliyev olan “Bakı prosesi” platforması mənəvi böhrandan çıxış üçün “yol xəritəsi” kimi qiymətləndirilir.

Digər çıxışlarda dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilib. Eyni zamanda dinlərin dialoq və əməkdaşlıq potensialından istifadə olunması üçün dünya miqyasında dini maarifləndirmənin gücləndirilməsinə və əhatə dairəsinin genişləndirlməsinə böyük ehtiyac olduğu vurğulanıb. Qeyd edilib ki, dünya miqyasında dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsilə aparılması təkcə dinlərə bağlı həqiqətlərin yayılması, onlara qarşı olan mənfi fikirlərin aradan qaldırılması deyil, həm də dindarlar arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, dialoq və əməkdaşlıq hissinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu məsələdə ortaq nöqtələrin tapılması, ümumi rəyin formalaşması və birgə qərarların qəbul edilməsi müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın genişlənməsinə və etimad hissinin möhkəmlənməsinə ciddi təsir göstərə bilər.

Qeyd edək ki, konfransda “Fərqli dinlər, ortaq dəyərlər” adlı fotosərgi də nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti