...

Laçın yoluna nəzarət edə bilməyən sülhməramlılar üçün çıxış yolu – Bakı hərəkətə keçə bilər

Siyasət Materials 6 Dekabr 2022 09:55 (UTC +04:00)
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda yaşayan erməni əhalinin Ermənistanla birbaşa əlaqəsini təmin edən Laçın yolu ilə bağlı müəmmalı proseslər bitmək bilmir. Proseslərin kökündə Laçın yolunun təyinatı üzrə istifadə olunmaması dayanır. Azərbaycanın rəsmi qurumları da dəfərlərlə Laçın yolundakı qanunsuzluqlarla bağlı açıqlamalar yayıb.

QEYD: 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanata görə, yol yalnız humanitar məqsədlərlə istifadə oluna bilər. Yəni bölgədə yaşayan ermənilər reinteqrasiya edənə qədər əhali ərzaq və digər təminatlarını Laçın yolu vasitəsi ilə Ermənistandan həyata keçirə biləcək.

Bəs, bəyanat imzalandıqdan sonra Laçın yolu ətrafında nə baş verdi?

- Rusiya sülhməramlıları separatçıların Ermənistandan silah daşımasına imkan yaratdı. Amma üçtərəfli bəyanatda göstərilirdi ki, sülhməramlıların Qarabağa daxil olmasına paralel olaraq, qanunsuz silahlılar bölgəni tərk etməlidir. Silahlılar isə hələ də Qarabağdadır;

- Sülhməramlılar bəyanat imzalanandan bəri demək olar ki, Qarabağa xarici ölkə vətəndaşlarının girişinə nəzarət etmir. Xarici jurnalistlərin, fransız deputatların, həmçinin Fransa Respublikaçılar Partiyasının lideri Valeri Pekressin sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın yolundan istifadə edərək, Xankəndiyə gəldiyinə dair faktlar var. Bu səfərlərin heç birində Azərbaycanda icazə alınmayıb;

- Ötən dövr ərzində İrana məxsus TIR-ların Xankəndiyə qanunsuz yük daşıması barədə faktlar ortaya çıxıb.

Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Laçın yolu, Xankəndi və ətraf ərazilər xüsusi texniki vasitələrlə izlənilir. Yəni rəsmi Bakı bölgədə baş verən bütün proseslərdən xəbərdardır.

Yuxarıda sadalanan hər üç fakt da yolun fəaliyyətinə görə məsuliyyət daşıyan sülhməramlıların deyil, Azərbaycanın hüquq mühafizə orqanlarının Laçın yoluna vizual nəzarəti nəticəsində aşkarlanıb. İran TIR-ları ilə bağlı faktlar ortaya çıxarkən, Azərbaycan rəhbərliyi prinsipial mövqe nümayiş etdirdi və yük maşınlarının Xankəndidəki qanunsuz əməllərinin qarşısı alındı.

Amma Laçın yolu ətrafında bu gün də müəmmalı proseslər davam edir. Rusiya sülhməramlıları demək olar ki, yolu separatçıların, hətta xarici ölkələrin diversant qruplarının öhtəsinə verib. Onlar yoldan ürəkləri istədikləri kimi istifadə edirlər.

Son günlər Laçın yolunda nə baş verir?

- 14 nəfər İran vətəndaşı yoldan maneəsiz şəkildə Qarabağa keçib. Onların təxribat qrupu olduğu bildirilir;

- Xarici şirkətlərin Rusiya sülhməramlılarının dəstəyi ilə keçmiş Ağdərə rayonu ərazisindən çıxarılan qızılın Laçın yolu vasitəsi ilə Ermənistana daşınmasına dair faktlar və görüntülər yayılıb.

Maraqlıdır ki, Qarabağdakı sülhməramlılardan və rəsmi Tehrandan nə Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, nə də iranlı diversantların Xankəndiyə gəlməsi barədə yayılan xəbərlərə reaksiya verilməyib.

Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinə nota təqdim edib. Həmçinin noyabrın 24-də Xankəndinə gələn 14 nəfərdən 12-sinin ölkənin cənub-qərbindəki İzeh şəhərindən olması rəsmi sənədlərlə sübut olunsa da, İranın Azərbaycandakı səfirliyi susmağa davam edir.

Görünən odur ki, ötən dövrdə olduğu kimi Laçın yolundan qanunsuz istifadəni üzərinə bölgə ilə bağlı öhtəlik götürən sülhməramlılar deyil, Azərbaycanın müvafiq qurumları aşkarlayıb.

Azərbaycan bu addımları ilə Rusiya sülhməramlılarını fakt qarşısında qoymuş oldu.

Danılmaz faktlar Rusiya sülhməramlılarını da danışmağa məcbur edib.

Sülhməramlıların komandiri Andrey Volkov azərbaycalı jurnalistlərin suallarını cavablandırarkən, iranlıların tikinti işçiləri olduğunu, hazırda məsələnin araşdırıldığını deyib.

"Onlar hansı maşınlarla, necə gəliblər. Tam araşdırmadan sonra daha ətraflı məlumat veriləcək".

Məlumdur ki, Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhəddindən Laçın yolu boyunca Xankəndiyə qədər onlarla postu var. Volkovun açıqlamasından aydın olur ki, bu postlar sadəcə görüntü üçün quraşdırılıb.

Əgər belə olmasaydı, Azərbaycan ərazisinə qanunsuz daxil olan iranlılar barəsində araşdırmalar jurnalistlərin sualından sonra deyil, onlar sərhəddi keçəndə aparılardı.

Rusiya sülhməramlılarının vəzifələrindən biri də Qarabağa daxil olan xarici ölkə vətəndaşları ilə bağlı da Azərbaycana məlumat verməkdir. Sülhməramlılar isə nə özləri tədbir görmür, nə də Azərbaycana məlumat vermir.

10 noyabr bəyanatından ötən dövr ərzində Laçın yolu ətrafında baş verən ziddiyyətli məqamlar göstərir ki, Rusiya sülhməramlıları ya Qarabağa giriş-çıxışa nəzarət edə bilmir, ya da nəzarət etməkdə maraqlı deyil.

Hər iki məqam Azərbaycanın narahatlığına səbəb olmaya bilməz. Çünki Qarabağa giriş-çıxışa nəzarətin edilməməsi və Laçın yolu ilə bağlı qanunsuz əməllərin mövcudluğu Azərbaycanın suverenliyinə ziddir. Bu səbəbdən, Azərbaycan ordusunun Qarabağ ərazisinə Rusiya sülhməramlıları ilə birlikdə nəzarət etməsi üçün addımların atılması əsas hədəflərdən biri olmalıdı. Çünki görünür, Rusiya sülhməramlıları bu vəzifəni yerinə yetirməkdə çətinlik çəkirlər. Əgər belə olmasaydı, 10 noyabr bəyanatından sonra dəfələrlə sülhməramlıların nəzarəti altında olan ərazilərdən Qarabağda qanunsuz giriş-çıxışlarla bağlı faktlar aşkarlanmazdı.

Xəbər lenti

Xəbər lenti