Bakı. Trend:
Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi təlatümlər Şərqdən Qərbə və əks istiqamətdə təchizat zəncirində qırılmalara səbəb olur. Ona görə də qlobal oyunçular yeni bir dəhliz inşa etməklə problemi aradan qaldırmağı hədəfləyirlər.
Bu səbəbdən, Orta dəhlizin bir parçası olan Zəngəzur dəhlizinin inşası regional və qlobal oyunçuların da diqqətindədir.
Orta dəhlizin inkişaf etdirilməsi qlobal təchizat zəncirinin möhkəmlənməsi ilə yanaşı türk dövlətləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyması ilə nəticələnir. Həmçinin bu proses türkdilli dövlətlərin birləşdiyi Türk Dövlətləri Təşkilatının nüfuzunu daha da artırır. Çünki Orta dəhlizin əsas hissəsi türk dövlətlərinin ərazisindən keçir. Ona görə də, Türk dövlətləri daha da yaxınlaşır və nəqliyyat layihəsinin inşası prosesinə töhfə verməyə çalışır.
Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin üçtərəfli görüşü də Orta dəhlizin inşası prosesinə və dövlətlərin ikitərəfli əlaqələrinin inkişafına verilən töhfədir.
Bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı Orta dəhlizin əsas hissəsi olan Zəngəzur dəhlizinin inşası və Azərbaycanın nəqliyyat imkanlarının artırılması ilə bağlı verdiyi mesajlar xüsusi diqqət çəkir.
Ölkə başçısı bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuldur, bütün işlər 2024-cü ildə tamamlanacaq.
Sitat: "…Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur".
Ölkə başçısının Zəngəzur dəhlizinə aid layihələrin inşasının 2024-cü ildə başa çatacağına dair fikirlər söyləməsi də xüsusilə diqqət çəkir. Bu məqam göstərir ki, Bakı qarşısına Zəngəzur dəhlizinin ən qısa zamanda reallaşması üçün konkret hədəflər qoyub. Ölkənin nəqliyyat imkanları da bu hədəflərə uyğun olaraq artırılır.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacağını deyən Prezident qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.
Sitat: "Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad
İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər
yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın
imkanlarından faydalanmağa dəvət edirik.
2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə
100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük
qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq".
Prezident həmçinin Azərbaycanın 10 il ərzində yük donanmasına daha 9 təyyarənin əlavə ediləcəyini, ölkəmizin 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malik olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışı zamanı Azərbaycan-Türkiyə-Türkmənistan əlaqələrinin inkişafından danışan ölkə başçısı dövlətlərarası ticarətin həcminin artmasına toxunub.
Sitat: “…2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir".
Göründüyü kimi, Azərbaycan digər türk dövlətləri ilə yanaşı Türkmənistanla da nəqliyyat bağlarını və iqtisadi əlaqələrini möhkəmləndirir.
Təbii ki, ölkələrin əlaqələrinin bu istiqamətlərdəki inkişafı siyasi yaxınlaşmalara da səbəb olur.
Prezident də Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb.
Sitat: "…Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır".
Türkmənistanın türkdilli dövlətlərlə ikitərəfli əlaqələri inkişaf etsə də, Aşqabad Türk Dövlətləri Təşkilatına üzv deyil. Amma ehtimal etmək olar ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərə iqtisadi və siyasi əlaqələrinin inkişaf etməsi, Birliyi Aşqabad üçün də cəlbedici edəcək. Bu mövzuda Azərbaycan və Türkiyənin səylər, Türkmənistana verilən dəstək xüsusi vurğulanmalıdır.
Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması Birliyinin genişlənməsi, iqtisadi imkanlarının və siyasi hədəflərinin artması baxımından çox əhəmiyyətlidir.
Həmçinin Avropanın enerji təhlükəsizliyi təhdid altında olduğu dövrdə Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafı bol qaz resursları olan Türkmənistan üçün də böyük əhəmiyyətə malikdir.
Çünki Türkmənistan qazını Avropa bazarına çıxarmaq üçün Azərbaycan və Türkiyənin enerji infrastrukturundan istifadə oluna bilər. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüşdə tərəflərin Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlanılmalı olduğunu açıqlayıb.
Ümumilikdə üçtərəfli görüşün həm Azərbaycan, həm Türkiyə, həm də Türkmənistan üçün uğurlu nəticələndiyini deyə bilərik. Azərbaycan Prezidenti bu görüşdə Zəngəzur dəhlizinin inşası, ölkəmizin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı həfəflərini bir daha bəyan etdi.
Təbii ki, Prezidentin Zəngəzur dəhlizinin sürətli inşası barədə verdiyi mesajlar və 2024-cü ildə prosesin başa çatacağı barədə dedikləri Ermənistan üçün ciddi siqnal olmalıdır. Çünki dəhlizin bir hissəsi Ermənistan ərazisindən keçsə də, rəsmi İrəvanın nəqliyyat şəbəkəsinin inşası üçün heç bir iş görmür və sanki prosesdə maraqlı deyil.
Yəqin ki, Prezidentin dəhlizlə bağlı 2024-cü il hədəflərini açıqlaması Ermənistan hakimiyyətini dərindən düşünməyə məcbur edər. Çünki bu layihənin reallaşmasına mane olmağa çalışan İrəvandır.
Ümumilikdə Azərbaycan liderinin açıqlamaları və layihəyə verilən xüsusi beynəlxalq dəstək göstərir ki, İrəvan prosesə mane ola bilməyəcək.