...

Azərbaycan regionun böyük enerji mərkəzinə çevrilib - Səttar Möhbalıyev

Siyasət Materials 17 Yanvar 2023 14:43 (UTC +04:00)
Azərbaycan regionun böyük enerji mərkəzinə çevrilib - Səttar Möhbalıyev

Bakı. Trend:

“Ölkə həyatının bütün sahələrində dayanıqlı inkişafını təmin etmiş Azərbaycanın beynəlxalq nüfüzu durmadan möhkəmlənir. Eləcə də milli maraqlara əsaslanan ölkəmizin xarici siyasət konsepsiyası uğurlu nəticələrini verməkdədir. Beynəlxalq aləmdə tam müstəqil siyasət yürütməklə dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin müsbət imicini formalaşdırıb. Onun qətiyyətli mövqeyi, diplomatik bacarığı, uzaqgörən siyasəti sayəsində Azərbaycan dünyada böyük söz sahibinə, regionun isə əsas aparıcı aktoruna çevrilib. Həmçinin Azərbaycanın müəllifi olduğu vaxtı ilə utopik görünən iri layihələrin, irəli sürüyü təşəbbüslərin dünya üçün əhəmiyyəti artmaqdadır. Buna misal olaraq enerji sahəsində reallaşdırılan layihələri göstərə bilərik ki, bu gün həmin layihələr xilaskar kimi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin hazırladığı Azərbaycanın enerji strategiyası onun layiqli davamçısı cənab İlham Əliyevin gördüyü effektli işlər sayəsində ölkəmizi regionun böyük enerji mərkəzinə çevirib”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyevin dövlət rəhbəri olaraq hər bir sahədə, o cümlədən xarici ölkələrlə əməkdaşlıqda atdığı hər bir imzasına hörmətlə yanaşması Azərbaycanın etbarlı tərəfdaş imicini bərqərar edib: “Məsələn, enerji ixracını uzun illərdir həyata keçirən ölkəmiz indiyə kimi təchizatda heç bir ləngiməyə yol verməyib, müqavilə şərtlərində dəyişiklik etməyib, üzərinə götürdüyü öhdəlikləri şərəflə yerinə yetirib. Bütün bu yanaşmalar və sərgilənən mövqe ölkəmizi müasir dünya birliyinin layiqli üzvünə çevirib. Bu gün keçirilən istənilən beynəlxalq tədbirə, müxtəlif platformalarda aparılan müzakirələrə dövlətimizin başçısı dəvət olunur, fikirləri dinlənilir, rəyləri nəzərə alınır. Bu il yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasiminə də Prezident İlham Əliyev dəvət olundu və çıxış etdi. Bu, bir tərəfdən dövlətimizin dünyada artan rolunu, digər tərəfdən isə Prezident İlham Əliyevin beynəlxalq aləmdə şəxsi nüfuzunu göstərir. Məlumdur ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən mühüm beynəlxalq platformadır və burada gəlinən qənaət dünya üçün xeyli əhəmiyyətlidir”.

“Dövlətimizin başçısı çıxışında bir sıra vacib məqamlara toxundu, o cümlədən Azərbaycanın enerji siyasətinin əhəmiyyətindən söz açdı. Bildiyimiz kimi zəngin neft-qaz potensialına malik olan ölkəmiz bundan səmərəli şəkildə istifadə edir. Həmçinin Azərbaycanın alternativ və bərpa olunan enerji imkanları böyükdür. Məsələn, Abşeron yarımadasında və Xəzər sahilində küləkli günlərin çox olması külək enerjisi istehsalına münbit şərait yaradır. Bundan başqa, ölkəmizdə günəşli günlərin sayının üstünlük təşkil etməsi də günəş enerjisinin inkişafına geniş yol açır. Prezidentimizin açıqladığı kimi, bu sahədə ölkəmizin 200 qiqavata yaxın potensialı var. Ötən il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməllərinin qoyulması ölkəmizdə bu istiqamətdə aparılan işlərin miqyasının genişliyini göstərir. Həmçinin ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti bu sahəyə böyük sərmayələr yatırmağa imkan verir. İnanırıq ki, Azərbaycan yaxın gələcəkdə yaşıl enerjinin önəmli təchizatçısına çevriləcək”, - Milli Məclisin deputatı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti