...

Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır - Rauf Əliyev

Siyasət Materials 21 Yanvar 2023 18:02 (UTC +04:00)
Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər böyük əhəmiyyət daşıyır. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Cənab Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.

Qeyd etmək lazımdır ki, Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak etmişdir. Dövlətimizin başçısı 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Orta Dəhlizin üstünlüklərindən bəhs edərkən cənab Prezident qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır.

Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.

Qlobal miqyasda ən mehriban mühitlərdən biri kimi Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrin əhəmiyyəti qeyd olunmuşdur. Bildirilmişdir ki, üçtərəfli əməkdaşlığın bir neçə formatı var - xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Dövlət başçılarının zirvə görüşləri baş tutub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun getdikcə artdığını bildirən cənab Prezident qeyd etmişdir ki, bu istiqamətdə işlər daha sürətlə davam etdiriləcək. 2021-ci ildə Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.

Azərbaycanın böyük "yaşıl" enerji potensialına malik olduğunu bildirən cənab Prezident qeyd etmişdir ki, Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə daha 10 qiqavatdır. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur. Dövlətimizin başçısı bildirib: “Ötən ilin dekabrında biz Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma imzaladıq. Hazırda texniki-iqtisadi əsaslandırma həyata keçirilir. O, hazır olan kimi biz maliyyələşmə üzərində düşünəcəyik və əlbəttə ki, burada Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər, 2023-cü il 19 yanvar tarixində Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti