Bakı. Trend:
Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyanla təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, "naqorno" dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, "ixrac edilmiş" düzgün ifadə deyil, mən yəqin ki, "gizli yolla keçirilmiş" ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir".