...

Bakıdakı Parkdan qorxanlara indi nə oldu?

Siyasət Analytics 3 Aprel 2023 14:30 (UTC +04:00)
Bakıdakı Parkdan qorxanlara indi nə oldu?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

İkili standartlar siyasəti artıq geridə qalır: Azərbaycanla bağlı bəzən o qədər saxta və absurd "standart"lar tətbiq olunur ki, vəziyyət tragikomediya həddinə çatır.

"Etdiyimiz hər şeyə zərurət kəlməsi ilə haqq qazandırırıq. Biz onları öldürürüksə, şəhərlərini bombalayırıqsa - bu, strateji zərurətdir. Onlar şəhərlərimizə atəş açanda isə bu, murdar və rəzil cinayətdir".

Erix-Mariya Remarkın "Zeit zu leben und Zeit zu sterben" ("Ölmək zamanı və yaşamaq zamanı") romanının qəhrəmanlarından biri Qərb siyasətçilərinin və hakimiyyətlərinin davranış kodunu zərgər dəqiqliyi ilə göstərmişdi.

Qərinələr keçsə də, ikili standartların, maskalanmış niyyətlərin, hədəfə alınmış ölkənin guya "maraq dairəsində olan məkan" kimi göstərilməsinin forma ilə mahiyyəti dəyişməyib.

... ABŞ-ın Nyu-York şəhərində, BMT-nin mənzil-qərargahından cəmi 100 metr aralıda, "866 United Nations Plaza" ünvanda Ukraynadakı hərbi əməliyyatlara həsr olunmuş sərgi açılıb.

"Ukrayna. Çarmıxa çəkilmə. Tribunal" ("Ukraine. Crucifixion. Tribunal") adlanan sərgi Rusiyanın apardığı xüsusi hərbi əməliyatla bağlı Xüsusi Beynəlxalq Tribunalın yaradılmasının önəmi vurğulanır.

Plazanın 2000 kvadratmetr ərazisini əhatə edən sərgi Ukrayna Milli Tarix Muzeyi və Prezident Aparatı tərəfindən təşkil olunub. Burada 1000-dən çox eksponat nümayiş etdirilir.

Həmin eksponatlar arasında Ukraynadakı hərbi əməliyyatlarda həlak olmuş rusiyalı hərbçilərin çəkmələri də var.

ABŞ mediası, Qərb ölkələrinin kütləvi informasiya vasitələri sözügedən sərgi barədə sürəkli olaraq məlumatlar, informasiyalar, reportajlar və şərhlər verirlər.

Ümumi məzmunla qayə eynidir: "Çox gözəl, vaxtında açılmış, təqdirə layiq sərgidir".

İkinci Qarabağ Müharibəsindən sonra Bakıda Hərbi Qənimətlər Parkı yaradılanda, 44 günlük müharibədə erməni işğalçılarının məhv edilmiş və sıradan çıxarılmış hərbi texnikası ora yığılaraq nümayiş ediləndə elə həmin Qərb mediası ölkəmizə hücuma keçmişdi.

Halbuki Bakıda açıq hava altındakı muzeydə sadəcə, hərbi texnika nümayiş olunurdu.

Ərazilərimizin 20 faizini 30 il işğalda saxlamış Ermənistana məxsus hərbi texnika.

Sadəcə, hərbi texnika.

Nyu-Yorkdakı ekspozisiyada isə rusiyalı hərbçilərin qanlı paltarları, ayaqqabıları, şəxsi əşyaları "eksponatlar" kimi göstərilir. Bakıdakı Hərbi Qənimətlər Parkında erməni işğalçılarının dəmir dəbilqələri nümayiş ediləndə Qərb mediasında isteriya başlanmışdı.

"Bu, yolverilməzdir", "Məğlub edilmiş tərəfin əsgər və zabitlərinə məxsus əşyaların belə nümayişi barbarlıqlır" - iqtibas gətirdiyimiz hələ ən sivil və mülayim xəbər başlıqlarıdır.

Qərb mediası, siyasətçiləri, insan haqları müdafiəçiləri və bəlli "hüquq-müdafiə təşkilatları", o cümlədən Azərbaycanı daim hədəfdə saxlayan beynəlxalq qurumlar ərz etdilər ki, sən demə, Qənimətlər Parkının yaradılması və orada nümayiş edilən hərbi texnika "Ermənistan sosiumu ilə ermənilərin psixikasına çox pis təsir edir".

Parkın yaradılmasını və fəaliyyətini "humanizmlə zidd hadisə" kimi dəyərləndirən Qərb mediası görsə də, yazmırdı və demirdi ki, həmin Parkda sadəcə, düşmənin 44 günlük İkinci Qarabağ Müharibəsində döyüşlərdə sıradan çıxarılmış, yaxud atıb qaçdığı hərbi texnika nümayiş olunur.

Nyu-Yorkdakı ekspozisiyada isə hələ də qan izləri aşkar görünən hərbçi çəkmələri göstərilir. Qərb mediası, çoxsaylı "hüquq müdafiəçiləri" bəs indi niyə təlaşa düşməyiblər, səs-səsə verərək bunun "yolverilməz" olduğunu demirlər. Qanlı əsgər çəkməsini "eksponat" qismində nümayiş etdirmək normaldır?Axı sonra Qərb siyasətçiləri və mediası ikili standartlar siyasəti yürütdüyünü qətiyyətlə təkzib edir.

Siyasətin praqmatizm olduğunu və Qərbin də inkişaf etməkdə olan ölkələrə, xüsusilə də postsovet məkanındakı dövlətlərə münasibətinin soyuqqanlı rasionallıq üzərində kökləndiyi məlumdur. Lakin 30 illik erməni işğalına son qoymaq üçün ATƏT-in Minsk Qrupu kimi amorf strukturu yaradaraq onillər boyu işğalçının status-kvonu qorumaq niyyətini kuluar formada dəstəkləyən Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyən Ermənistana cüzi də olsa, təzyiq göstərmək əvəzinə İrəvanda "demokratik dəyərlərin daha səbatlı olması və iqtisadi inkişafa dəstək" adı ilə on milyonlarla dollarlıq yardımlar edildi.

Həmin yardımların da böyük qismini Ermənistan silahlı qüvvələrinə, işğalçı birləşmələrinə yönəltmişdi. Sonucda Azərbaycan BMT-nin əvəzinə onun qətnamələrinin icrasını təyin etdi. Bakıdakı Hərbi Qənimətlər Parkı həm də Qərbin siyasətinin mimikriyasının və Azərbaycanın iradəsi ilə qətiyyətinin simvolu sayıla bilər. İkiüzlü siyasətin nə olduğunu yaxşı bildiyimizdən həmin Park həm də xəbərdarlıqdır.

Qərb üçün - merkantilizmin geosiyasətdə bəzən gözlənilən nəticələr verməməsi ilə bağlı...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti