Bakı. Trend:
Azərbaycanla Litva arasında siyasi dialoq əhəmiyyətli dərəcədə güclənib.
Trend bazar ertəsi xəbər verir ki, bunu bu gün Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Vilnüsdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.
"Bu gün müzakirəmiz əsasən ikitərəfli əməkdaşlığa, həmçinin regional təhlükəsizlik məsələlərinə yönəlmişdi. Əməkdaşlığımızın hazırkı səviyyəsini müsbət qiymətləndirdik. Bu gün baş tutan Azərbaycan-Litva birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası hər iki tərəfin əməkdaşlığımızın gələcək genişləndirilməsində maraqlı olduğunu təsdiqlədi", - o deyib.
Daha əvvəl Litva Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan-Litva birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının əsas məqsədləri Azərbaycanla Litva arasında ticarət, enerji təhlükəsizliyi və tranzit, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə qarşı mübarizə, turizm, nəqliyyat, kənd təsərrüfatı, qida məhsullarının təhlükəsizliyi, elm, təhsil və mədəniyyət kimi sahələrdə ikitərəfli əməkdaşlığa yeni təkan verməkdən ibarətdir.
Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.
(Tərcümə: Rəna Əbdürəhmanova)
