Bakı. Trend:
Brüssel görüşündən sonra Ermənistanın növbəti təxribatlara əl atacağı gözlənilən idi. Ermənistan öz xislətinə “sadiq” qalaraq beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə danışıqalara gedir, lakin sonradan öhdəliklərindən boyun qaçırmaq, danışıqları pozmaq məqsədi ilə təxribatlara əl atır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova Ermənistanın mayın 18-i Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı döyüş PUA-ları tətbiq etməklə təxribat törətməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistanın təxribat cəhdlərinə rəğmən Brüssel görüşü Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun keçirildi.
“Görüşdə sülh danışıqlarının bərpa olunması, sərhədlərin delimitasiyası, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası və digər razılaşmalar əldə olundu. Lakin məlumdur ki, Ermənistan regionda sülhün və sabitliyin tərəfdarı deyil. Hər zaman sülh prosesinin pozulması, ictimai fikrin çaşdırılması məqsədilə təxribatlara əl atır. Elə Brüssel görüşündən əvvəl də təxribatlara əl atdı, görüşün nəticələrinə təsir etməyə cəhd etdi, lakin ordumuzun düşmənə layiqli cavabı onların məkrli planını pozdu və görüş Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun keçirildi. Bu baxımdan Brüssel görüşündən sonra Ermənistan tərəfindən növbəti təxribatların törədiləcəyi gözlənilən idi”, - deyə A.Həsənova deyib.
Deputat bildirib ki, Ermənistan bu cür çirkin əməllərlə heç nəyə nail ola bilməyəcək.
“Qüdrətli Azərbaycan ordusu hər zaman Ermənistanın təxribatlarına layiqli cavab verib və dronla törədilən təxribat da əvvəlkilər kimi fiaskoya uğramış oldu”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.