...

Heydər Əliyevin bir günü: Ümummilli Lider və onun Azərbaycanın gələcək uğurları barədə uzaqgörənliyi (FOTO)

Siyasət Materials 8 İyun 2023 15:47 (UTC +04:00)
Heydər Əliyevin bir günü: Ümummilli Lider və onun Azərbaycanın gələcək uğurları barədə uzaqgörənliyi (FOTO)

Bakı. Trend:

Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.

Düz 23 il bundan əvvəl bu günlərdə Ümummilli Lider Heydər Əliyev həmin dövrdə Xəzər regionu ilə əlaqədar mühüm beynəlxalq hadisə olan "Xəzərneftqaz-2000" Beynəlxalq Sərgisinin açılışında iştirak edib. Qlobal oyunçuları və dünyanın aparıcı ölkələrini regiona cəlb edən cazibə nöqtəsi məhz Bakıda idi və bu, Heydər Əliyevin səyləri və neft strategiyası sayəsində mümkün olmuşdu.

Yalnız Heydər Əliyevin yüksək nüfuzu, dövlət və hökumət başçılarının siyasi dialoqu, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə daimi danışıqlar sayəsində Azərbaycan neftinin Türkiyəyə nəqli barədə Dövlətlərarası Saziş imzalamaq mümkün oldu. Saziş 18 noyabr 1999-cu ildə ATƏT-in İstanbul zirvə görüşündə, "Çırağan" sarayında prezidentlər H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl tərəfindən imzalanıb. Bəyannamə isə həmçinin ABŞ Prezidenti B.Klinton, Qazaxıstan Prezidenti N.Nazarbayev və Türkmənistan Prezidenti S.Niyazov tərəfindən imzalanıb ki, bu da layihənin miqyasından və Azərbaycan rəhbərinin özünün nüfuz dərəcəsindən xəbər verir.

Sərginin açılışında çıxış edən Heydər Əliyev vurğulayıb ki, Azərbaycan dövlətinin neft strategiyasının həyata keçirilməsi dünyanın bir çox böyük neft şirkətlərində respublikamıza qarşı maraq oyadıb və tarix nöqteyi-nəzərdən qısa müddətdə, yəni 5-6 il ərzində Azərbaycan və Xəzər dənizi dünyanın ən böyük neft və qaz mərkəzlərindən birinə çevrilib.

"Azərbaycan Dövlət Neft Şirkəti qısa bir zamanda dünyanın böyük neft şirkətləri ilə 19 müqavilə imzalamışdır və bu müqavilələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş investisiyaların həcmi 50 milyard dollardan çoxdur.

Azərbaycan dövlətinin həyata keçirdiyi neft strategiyası, cəsarətli siyasəti və əməli tədbirləri təkcə ölkəmizə yox, bütün Xəzər dənizi hövzəsinin böyük neft-qaz sərvətlərinin Xəzəryanı dövlətlər tərəfindən istifadə edilməsinə və bunun üçün də dünyanın böyük şirkətlərinin Xəzərin başqa sektorlarındakı neft və qaz yataqlarına da maraq göstərməsinə səbəb olmuşdur.

Məmnuniyyətlə qeyd edirik ki, indi Xəzərin başqa sektorlarında da - Xəzəryanı hər bir dövlət tərəfindən öz sektorunda - neft və qaz yataqlarının kəşfinə, axtarışına başlanmış, bir çox hallarda yaxşı nəticələr əldə olunmuş, əməli işlər həyata keçirilməyə başlanmışdır. Beləliklə də Xəzər dənizi hövzəsi artıq dünyanın ən böyük neft regionlarından birinə çevrilmişdir.

Biz fəxr edirik ki, bu işin başlanğıcını qoymuşuq. Biz fəxr edirik ki, Xəzər dənizinin böyük neft və qaz sərvətlərini dünya iqtisadiyyatına, dünya ictimaiyyətinə açmışıq. Biz fəxr edirik ki, indi Xəzəryanı digər ölkələr - Rusiya, Qazaxıstan, Türkmənistan və İran da Azərbaycan ilə bərabər Xəzər dənizində özlərinə məxsus olan sektorlarda neft və qaz yataqlarının işlənilməsinə başlamışlar", - deyə Ümummilli Lider qeyd edib.

Heydər Əliyev boru kəmərinin açılışının həm ölkəmizin, həm də digər Xəzəryanı dövlətlərin önündə açacağı perspektivləri də təsvir edib. "Əgər nəzərə alsaq ki, həmin sənədləri, bəyannaməni Qazaxıstan da imzalayıbdır və Xəzərin Qazaxıstan sektorunda böyük miqdarda neft hasil edilməsi gözlənilir, Azərbaycanda hələ bundan sonra da geniş işlər görüləcək, - onda təsəvvür etmək olar ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri nə qədər zəruridir və nə qədər də lazımdır", - deyə Ümummilli Lider bildirib.

Heydər Əliyev "Şahdəniz" yatağının da böyük potensialını öncədən görüb. O, öz çıxışında 1996-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox xarici şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" yatağının birgə işlənməsi barədə müqavilə imzalandığını xatırladıb.

"Bu gün mən böyük iftixar hissi ilə sizə bildirirəm ki, indi bunun gözəl nəticələri vardır. Orada qazılan iki quyu "Şahdəniz" yatağından bir trilyon kubmetrdən artıq qaz əldə edilməsinə imkan olduğunu göstərmişdir.

Ümumiyyətlə, bizim mütəxəssislərin proqnozları - onların proqnozları həmişə özünü doğruldubdur və mən çox sevinirəm ki, Azərbaycanda belə yüksək səviyyəli mütəxəssislər var - onu göstərir ki, Xəzər dənizinin Azərbaycan sektorundan ən azı dörd trilyon kubmetr qaz hasil edilməsi gözlənilir. İndi biz düşünürük və əməli tədbirlər görürük ki, hasil olunacaq qazın dünya bazarlarına ixrac edilməsi məsələsi həll olunsun. Güman edirəm ki, bizimlə bərabər işləyən şirkətlərlə, onların dövlətləri ilə birlikdə bunları da həll edə biləcəyik", - Heydər Əliyev deyib.

Bu gün, 23 il sonra Azərbaycan vətəndaşları olan bizlər Heydər Əliyevin bütün dəyərləndirmələrinin necə reallığa çevrildiyini hər gün görmək kimi möhtəşəm imkana sahibik. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi - bu iki nəhəng layihə sadəcə reallığa çevrilməyib, bu gün onlar bütün qitə üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti