Bakı. Trend:
“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabelikdə olan birləşmə və hissələrlə ərazidə və Simulyasiya Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.
Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.
Qərargahlar tərəfindən əməliyyatların planlaşdırıldığı ərazinin döyüş sahəsinin kəşfiyyat hazırlığı aparılıb, düşmən və öz bölmələrimizin ağırlıq mərkəzləri, qəti nəticə nöqtələri təyin edilərək arzu olunan son nəticənin əldə edilməsi üçün hazırlanan müxtəlif fəaliyyət tərzləri komandirin qərarı olaraq seçilməsi məqsədilə hərb oyununda sınaqdan keçirilib.
Hərbi hissələrin əməliyyat planlarının hazırlanması, aidiyyatı üzrə əmrlərin çatdırılması, eləcə də bölmələrin idarə olunması və aşkar olunmuş hava düşməninin məhv edilməsi üçün verilən məlumatların müasir texniki vasitələr üzərindən bölmələrə çatdırılması məşq etdirilib.
Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsilə vizual müşahidə və havadan kəşfiyyat aparılaraq şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Əldə olunmuş kəşfiyyat məlumatları analiz edilərək manevr bölmələrinin döyüş meydanında hədəfə doğru sürətli və dəqiq irəliləməsi üçün onların qərargahlarına çatdırılıb.
Yuxarı qərargahdan alınmış döyüş əmrinə əsasən tank və
mexanikləşdirilmiş bölmələr şərti düşmənin yerləşdiyi əraziyə hücum
tapşırığını icra edib. Burada əsas diqqət düşmənin təminat
yollarının və ehtiyatlarının yaxınlaşma istiqamətlərini görən hakim
yüksəkliklərin ələ keçirilməsinə yönəldilib.
Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən
qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin
döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə
bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və
hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini
praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər
üzərində oynanılması ilə keçirilib.
Müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində
qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimin yekununda
qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və
əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi
yüksək qiymətləndirilib.