...

Paşinyan yeni seçkilərə gedir: Məqsəd dəyişməyib

Siyasət Analytics 5 Dekabr 2023 14:00 (UTC +04:00)
Paşinyan yeni seçkilərə gedir: Məqsəd dəyişməyib
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Qərb Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Paşinyan da Rusiyanın nəzarət etdiyi müxalifəti maksimum zəiflətmək üçün bu göstərişi reallaşdırmaq niyyətindədir.

İrəvandakı rəsmi dairələrdə Ermənistanda növbədənkənar parlament seçkiləri tələbinin də Qərbdən “xəbər gəldiyi” barədə məlumatlar yayılır.

Ermənistandakı "Hraparak" qəzeti yazır ki, Qərb də öz növbəsində Paşinyandan “sədaqət andı” tələb edir ki, Ermənistan tezliklə Rusiyadan ayrılıb Avropaya üz tutmalıdır. Qərb Paşinyanın təminatlarının əvəzinə yeni seçkilər vasitəsilə Rusiya əleyhinə parlamentin formalaşacağını gözləyir ki, orada Aram Sarkisyan (Respublika Partiyasının sədri - red.) və digər qərbyönlülər mütləq iştirak edəcəklər və bugünkü parlament müxalifəti, açıq-aşkar rusiyapərəstdir və onlar yola salınacaq.

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov da hesab edir ki, baş nazir Nikol Paşinyan Rusiyaya meylli müxalifət qüvvələrini “zərərsizləşdirmək” üçün növbədənkənar parlament seçkiləri keçirə bilər.

Məqsəd Rusiyanın faktiki nəzarətində olan və Ermənistan-Rusiya əlaqələrinin zəifləməsini istəməyən müxalifət qüvvələrini parlamentdən kənarlaşdırmaqdır.

Hazırda Ermənistanın ali qanunverici orqanındakı situasiya gerçəkdən də, hakim partiya olan "Mülki Müqavilə"nin xeyrinə deyil.

107 yerlik parlamentdə "Mülki Müqavilə" 71, müxalif "Ermənistan" bloku 29, "Şərəfim var" bloku isə 7 mandata malikdir. İlk baxışdan 36 mandata malik olan müxalifətçilər qanunların və qərarların qəbulunda hakim partiyaya maneələr yarada bilməzlər. Lakin belə deyil.

Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" qanun layihələrinin qəbulunda, xüsusilə də ratiəfikasiya prosedurlarında zəruri səs çoxluğu toplamaq üçün əksər hallarla problemlərlə üzləşir. Səbəblərdən biri hakim siyasi təşkilatın parlament fraksiyasının tərkibinin yekcins olmaması, bunun da səsvermələr zamanı xüsusilə qabarıq büruzə verməsi artıq rutin hala çevrilib.

Parlamentdəki vəziyyət daxili siyasətdə və cəmiyyətdə daha fərqlidir.

İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan sürətlə Rusiyadan uzaqlaşmağa başlamışdı. Bu ilin sentyabrın 19-da Azərbaycan ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən və Xankəndindəki separatçı rejimin sonunun çatdırılmasından sonra isə Ermənistanda Rusiyanın təsir qüvvələri funksiyalarını yerinə yetirən media strukturları, siyasi təşkilatlar, ictimai birliklər, siyasətçilər, bloqerlər və s. xüsusilə fəallaşdılar.

Qarabağlı ermənilərin Azərbaycandan Ermənistana kütləvi köçü isə Paşinyana qarşı birləşərək təmərküzləşmiş qüvvələr koalisiyası formalaşdırmaq istəyən sabiq prezidentlər Serj Sarqsyan və Robert Köçəryan üçün az qala göydəndüşmə fürsətə çevrildi.

Ermənistanda 30 il ərzində hakimiyyətdə olmuş "karabaxtsi" ("qarabağlılar") adlanan və R.Köçəryanla S.Sarqsyanın başçılıq etdiyi, əslən Qarabağdan olan ermənilərdən ibarət düşərgə situasiyadan bəhrələnərək hakimiyyətə qayıdış planları hazırlayırlar.

Onlar baş nazir Nikol Paşinyanın Rusiyadan asılılıqdan qurtulmaq və Qərbə meyllənmək narrativlərinə əsaslanan siyasətini kəskin tənqid edir, "Ermənistan xəyanətkar banda tərəfindən idarə olunur, Rusiya ilə əlaqələri əsla kəsmək və ya zəiflətmək olmaz" deyirlər.

Rusiya da "karabaxtsi"lərin siyasi, təşkilati, maliyyə və s. resurslarından N.Paşinyana qarşı istifadə edərək onu hakimiyyətdən kənarlaşdırmaq niyyətindədir.

Təbii ki, Moskva bu klana maliyyə, təşkilati və digər yardımlar da göstərir. Həmin yardımların istisnasız olaraq hamısı illeqal, gizli şəkildə həyata keçirilir.

Nikol Paşinyan bunu əla bilir və ölkədəki "beşinci kolon"un parlamentdəki fraksiyalarından qurtulmaq üçün növbədənkənar seçkiləri mövcud şəraitdə effektiv çıxış yolu hesab edir.

İrəvanda hakimiyyət uğrunda mübarizə qızışıb.

E.Şarmazanovun isterik açıqlaması da buna dəlalət edir: “Qərbin planlarında Rusiyaya meylli qüvvələrin olmadığı, siyasi transgenderlərlə cinsi azlıqları dəstəkləyə və bütünlüklə Qərbin təlimatlarını yerinə yetirən parlament var. Nikol Paşinyanın başçılıq etdiyi, düşmənə satılmış neobolşeviklər belə davam etsələr, «Qarabağ klanı»nın təmsilçiləri İrəvan və Bakıdakı həbsxanalarda olacaqlar. Və bu, Üçüncü Respublikanın de-yure sonu olacaq. Ola bilər ki, biz buna layiqik. Hamımız layiqik”.

Nikol Paşinyan və komandası sadəlövh deyillər, siyasi romantikadan da çox uzaqdırlar. Ermənistanda keçirilmiş son rəy sorğularının nəticələrinə görə, ölkədə Rusiyaya meyl və ya dəstək sürətlə azalıb. Ermənistan vətəndaşları arasında Rusiyanı etibarsız müttəfiq, ermənilərə xəyanət etmiş tərəfdaş sayanların sayı artıb. Paşinyan iqtidarı əmindir ki, ölkədə növbədənkənar parlament seçkiləri keçirilərsə Rusiyaya meylli siyasi qüvvələr, xüsusilə də sabiq prezidentlər Robert Köçəryanın və Serj Sarqsyanın nəzarətindəki partiyalar zəruri seçki barajını keçə bilməyəcəklər.

Xatırladaq ki, Ermənistanın mövcud qanunvericiliyinə görə, seçki səddi siyasi partiyalar üçün 5 faiz, siyasi bloklar üçünsə 7 faizdir.

Bundan başqa, Nikol Paşinyan iqtidarı inzibati resursları işə salaraq parlamentin yeni heyətində yer ala biləcək Rusiyaya meylli deputatları da proseslərdən kənarlaşdıra bilər.

Rusiyanı dəstəkləyən və Moskvadan təlimatlar alan siyasi təşkilatlar Ermənistanda elektoral bazanı itirməkdədir. Məsələn, sentyabrdakı lokal antiterror tədbirlərindən sonra R.Köçəryan və S.Sarqsyanın təşkilatları İrəvanda genişmiqyaslı etiraz aksiyaları keçirməyə çalışsalar da, onların mitinqlərlə yürüşlərinə çox az ermnəi qatıldı.

Bir neçə min erməninin etiraz aksiyası təbii ki, Paşinyan administrasiyasına qarşı geniş xalq kütlələrininr etirazı qismində təqdim edilə bilməzdi.

Nikol Paşinyanın liderlik etdiyi siyasi qüvvələr sadaladığımız səbəblərdən dolayı 2021-ci ilin baharından fərqli olaraq yeni növbədənkənar parlament seçkilərində ciddi rəqabətlə qarşılaşmayacaqlar, genişmiqyaslı siyasi mübarizəyə də lüzum qalmayacaq.

Əsas səbəb R.Köçəryan və S.Sarqsyanın başçılıq etdiyi «karabaxtsi» klanının siyasi potensialı ilə imkanlarının zəifləməsidir.

Ermənistandakı mövcud vəziyyət belədir ki, ölkənin Qərbə meylli siyasət yürütməsini, pan-Avropa təşkilatlarına inteqrasiyasını və Rusiyadan uzaqlaşmasını dəstəkləyənlərin sayı Rusiya ilə əlaqələrin saxlanaraq inkişaf etdirilməsinə çağıranlardan dəfələrlə çoxdur.

Hətta növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın ciddi rəqibləri Rusiyaya meylli qüvvələr yox, Rusiyanın əsas rol oynadığı MDB təşkilatlarını tərk etməyə və Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkədən çıxarılmasına çağıranlar ola bilər.

Belədirsə, Nikol Paşinyanın hakimiyyətini daha da möhkəmlətmək üçün növbədənkənar parlament seçkilərinə getməsi az qala labüd məsələ təsiri bağışlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti