...

COP28-in yekun sənədi qəbul olundu

Siyasət Materials 13 Dekabr 2023 12:50 (UTC +04:00)
COP28-in yekun sənədi qəbul olundu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Dubay. Trend:

Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının - COP28-in yekun sənədi qəbul olunub.

Trend xəbər verir ki, COP28 ilk dəfə olaraq ölkələri iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün qalıq yanacaqlardan uzaqlaşmağa sövq edəcək sazişi təsdiq edib.

Qeyd edək ki, 30 noyabr tarixində Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının açılışı olub.

Dekabrın 12-dək davam edəcək tədbirdə iqlim dəyişikliyinin nəticələri və istixana qazlarının tullantılarının azaldılması tədbirləri müzakirə olunacaq. Əsas mövzu Paris sazişinin məqsədinə - planetdə qlobal temperaturun 2 °C-dən yuxarı qalxmasının qarşısının alınmasına nail olunmasının ilkin qiymətləndirilməsi olacaq.

Xatırladaq ki, bu konfrans 1995-ci ildən bəri hər il keçirilir. Bu tədbirin əsas məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq, bu konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə atmosferə istixana qazları emissiyalarının məhdudlaşdırılmasına dair hüquqi öhdəlikləri özündə əks etdirən Kioto Protokolu müzakirə olunur. 2011-2015-ci illərdə keçirilən sessiyalarda 2015-ci ildə iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm beynəlxalq sənəd hesab edilən Paris sazişi müzakirə edilərək qəbul edilib. Bu günə qədər 195 ölkə bu sazişə qoşulub.

Azərbaycan ilk dəfə olaraq COP28 sərgisində pavilyonla təmsil olunub.254 m2 sahədə inşa edilən pavilyonda müxtəlif yerli, regional və beynəlxalq təşkilatlarla birgə tədbirlər və seminarlar keçiriləcək, o cümlədən ölkənin iqlim dəyişikliyi ilə mübarizə və onun təsirinin azaldılması istiqamətində gördüyü işləri əks etdirən virtual eksponatlar nümayiş etdirilib.

Dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub. COP29 2024-cü ilin noyabr ayında keçiriləcək.

Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti