Bəlli olduğu kimi Qərb, o cümlədən Avropa İttifaqı zaman-zaman müstəqil xarici siyasət yürüdən, hansısa xarici güc mərkəzindən asılı olmayaraq inkişaf edən ölkələrə qarşı təzyiq siyasəti həyata keçirib. Bu cür ölkələri hədəfə alan Qərb institutları təzyiq metodu kimi “insan haqları”, “demokratiya” və sair bu kimi bəhanələrlə “silahlanıb”. Halbuki insan haqlarının da, demokratiyanın da Qərbin ölkələrə nisbətdə fərqli dəyərləndirdiyi kimsəyə sirr deyil.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, Qərb öz qaranlıq istəyinə nail olmaq üçün müxtəlif üsullara əl atır. Həmçinin eyni məsələyə münasibətdə ayrı-ayrı ölkələr üzrə fərqli yanaşma sərgiləyir: “Bu baxımdan Cənubi Qafqazda cərəyan edən prosesləri misal çəkmək olar. Məsələn, Paşinyan hakimiyyəti bütün siyasi opponentlərini, müstəqil medianı və QHT-ləri susdurub, fəalları həbsə atdırıb, amma Qərb bütün bunlara göz yumur, Ermənistana qarşı heç bir ittiham irəli sürmür. Çünki Qərbin Ermənistanla bağlı planları var, bu ölkədə yerləşdirilən və genişləndirilən Avropa İttifaqı missiyası redionda destabilizasiya faktoru, Qərbin regiona hərbi müdaxiləsidir”.
Millət vəkili deyib ki, Qərb, xüsusilə də Aİ Gürcüstana münasibətdə isə tamam fərqli yanaşma sərgiləyir: “Qərb Gürcüstan hakimiyyətini hədəf alıb. Bu da səbəbsiz deyil. Qərb Gürcüstanda qurduğu və hazırda ölkənin milli maraqlarına zidd şəkildə istifadə etdiyi şəbəkənin tamamilə sıradan çıxarılmasından narahatdır. Ona görə də Gürcüstan hakimiyyətinə qarşı müxtəlif cinahlardan hücumlar olur. Təbii ki, Qərbin narahat olduğu digər bir məqam da Azərbaycanla bağlıdır. Azərbaycanın müstəqil, qətiyyətli və milli maraqlara söykənən siyasət hyata keçirməsi Qərbi qətiyyən qane etmir. Digər tərəfdən Qərb Gürcüstanda qurduğu oxşar şəbəkəni vaxtı ilə Azərbaycanda da qurmuşdu. Ancaq bu şəbəkənin vaxtında ifşa edilməsi və neytrallaşdırılması Gürcüstanda baş verən hadisələrin Azərbaycanda da təkrarlanmasının qarşısını aldı. Yəni Qərb Azərbaycanın daxili ictimai-siyasi həyatına təsir rıçaqlarını itirdiyindən narahatdır və müxtəlif vasitələrlə, o cümlədən əsassız iddialar irəli sürməklə bu imkanları bərpa etməyə çalışır”.
V.İskəndərov hesab edir ki, Avropa İttifaqının Xarici əlaqələr xidmətinin bəyanatı da bu məqamla bağlıdır: “Hesab edirəm ki, bu bəyanat növbəti dəfə Azərbaycanın daxili işlərinə uğursuz müdaxilə cəhdidir. Lakin bundan əvvəl olduğu kimi yenə də bu kimi qaranlıq məqsədlərə xidmət edən cəhdlər iflasa uğrayacaq. Çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur və heç bir qüvvə bu birliyi sarsıda bilməz”