Bakı. Trend:
Azərbaycana olan təzyiqlərin necə artdığını İkinci Qarabağ Müharibəsindən sonra gördük.
Trend xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada çıxışı zamanı deyib.
“Az qala Azərbaycana deyələr ki, biz icazə vermədən niyə torpaqlarını azad etdin. Dünya belə qurulub. Biz çalışmalıyıq ki, öz sahələrimizdə yaxşı olaq. İndi Azərbaycan dövlətinin hər kəs tərəfindən tanınan ərazilərində ikinci dəfə seçki keçirəcəyik. Əfsuslar olsun ki, bizdə seçkilərlə bağlı müəyyən stereotiplər var. Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq qurumlar tərəfindən heç bir mübahisələr olmayıb. Biz maarifləndirmə tədbirləri həyata keçirmişik”,- deyə o bildirib.
Qeyd edək ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilir.
Tədbir cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri günbəgün güclənən Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanların müzakirəsinə həsr olunub.
Tədbirdə Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri və digər təmsilçiləri ilə yanaşı, qadın məsələlərinə dair təşkilatlar, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri iştirak edir.