Bakı. Trend:
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2-3 oktyabr 2024-cü il tarixlərində Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu barədə Trend-ə komissiyadan məlumat verilib.
Bildirilib ki, sənəddə beynəlxalq konfransın iştirakçıları Müharibə qurbanlarının müdafiəsinə dair Konvensiyaları, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq sənəd və qətnamələrini rəhbər tutaraq, o cümlədən dövlətlərin beynəlxalq humanitar hüquqla bağlı öhdəliyini xatırladaraq silahlı münaqişə tərəflərini itkin düşmüş şəxslərin axtarışı üçün bütün mümkün tədbirləri görməyə və onların taleyi barədə istənilən məlumatı təqdim etməyə dəvət edirlər:
"Sənəddə həmçinin, beynəlxalq təşkilatlar itkin düşmüş şəxslərin
taleyinin aydınlaşdırılmasına yardım göstərməyə və silahlı
münaqişələr zamanı itkin düşmüş şəxslərin məsələsi ilə məşğul
olacaq xüsusi mexanizmin yaradılmasını təşviq etməyə dəvət
olunur.
Azərbaycanda keçirilmiş beynəlxalq konfransın ən əsas
nəticələrindən biri itkin düşmüş şəxslər probleminin müxtəlif
aspektlərinin müzakirə edilməsi üçün «İllik Bakı Dialoqu»nun
yaradılması çağırışıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən
Azərbaycanın itkin düşmüş şəxslər probleminin həlli sahəsində
həyata keçirdiyi səylərinə verilmiş yüksək qiymətin bariz
nümunəsidir.
Dövlət Komissiyası itkin düşmüş şəxslər məsələsinin beynəlxalq
müstəvidə irəlilədilməsi istiqamətində fəaliyyətini bundan sonra da
davam etdirəcək".