...

Qalib xalq, müzəffər dövlət

Siyasət Materials 11 Noyabr 2024 11:35 (UTC +04:00)
Qalib xalq, müzəffər dövlət

Bakı. Trend:

Vətən müharibəsi Zəfərinin 4-cü ili geridə qaldı. Zaman keçdikcə 44 günlük savaşda qazandığımız zəfərin miqyasının nə qədər böyük olduğu daha da aydın görünür. Çünki Azərbaycan dövləti bu müharibədə yalnız Ermənistanı məğlub etmədi. Bu savaşda həm də Fransa və onilliklər boyu siyasi-iqtisadi baxımdan mükəmməl bir şəkildə təşkilatlanmış və Qərb siyasi dairələrinin timsalında güclü dayaqları olan dünya erməniliyi məğlubiyyətə uğradıldı.

Zəfərimizi simvolizə edən park

44 günlük savaşda qazanılan qələbə Azərbaycanın yalnız müasir deyil, son bir neçə əsrlik dövlətçilik tarixinin ən əlamətdar hadisəsidir. Bu gün qarşımızda dayanan əsas vəzifələrdən biri şanlı Zəfərimizin yaşadılması, tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və Ermənistanın Azərbaycana qarşı yürütmüş olduğu işğal siyasətinin hər zaman dünyaya bəyan olunmasıdır. Vətən müharibəsindən dərhal sonra paytaxtımızda Hərbi Qənimətlər Parkının yaradılması bu istiqamətdə atılan ilk addımlardan biri oldu. Burada nümayiş etdirilən məhv olunmuş və qənimət kimi ələ keçirilən düşmən hərbi texnikaları Azərbaycan Silahlı Qüvvələrinin gücünün, malik olduğu modern döyüş imkanlarının ifadəsidir.

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevin iştirakı ilə noyabrın 8-də açılışı olan Zəfər parkının yaradılması bir daha göstərir ki, dövlətimiz bu istiqamətdə lazım olan bütün addımları atır. Zəfər parkı Bakının sadəcə yeni ünvanı deyil. Bu park Zəfərimizi simvolizə edən edən əzəmətli qürur meydanıdır. Parkda ucaldılan 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə və hündürlüyü 44 metr, sütunlarının sayı 44 olan Zəfər tağı Azərbaycanın Vətən savaşındakı zəfərini möhtəşəm bir formada tərənnüm edirlər.

Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfər muzeyində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parkın açılışdan sonra xalqımıza müraciətində qeyd etdiyi kimi bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var və bu rəmzlər bizimlə əbədi olacaq.

Qətiyyətli siyasətin qürurdoğuran nəticəsi

Xalqa müraciətində Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedilən yola nəzər saldı, Vətən müharibəsinə qədər mövcud olan olan prosesləri fikir süzgəcindən keçirdi. Azərbaycan torpaqları işğal edilsə də, Qarabağ beynəlxalq səviyyədə Azərbaycan torpağı kimi tanınsa da, problemin həllində iştirak edən vasitəçilər 30 ilə yaxın dövrdə əsil həqiqətləri deməkdən uzaq oldular. Eyni zamanda “problemin güc yolu ilə həlli yoxdur” deməklə Ermənistanın işğal siyasətinə dəstək verdilər. Düşündülər ki, zaman ötdükcə Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Amma yanılırdılar, çünki həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin yürütdüyü siyasət, dövlətimizin Qarabağ problemi ilə bağlı erməni maraqlarına xidmət edən heç bir təklif və təşəbbüsü yaxına buraxmaması təsdiq edirdi ki, Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə barışmayacaq və barışa da bilməz.

2003-cü ilin prezident seçkilərində xalqın etimadını qazanan Prezident İlham Əliyev andiçmə mərasimində demişdi: «Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir».

Prezident İlham Əliyev bəyan etdiyi bu prinsipial mövqeyə uyğun olaraq həyata keçirdiyi siyasətin mərkəzində torpaqlarımızın işğaldan azad edilməsi dayandı. Vətən müharibəsinə qədər Azərbaycanda baş verən iqtisadi inkişaf, dövlətimizin artan maliyyə imkanları paralel olaraq respublikamızın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələlimizin döyüş imkanlarının artırılması ilə müşayiət olundu. Həmin dövrdə danışıqlar prosesində Prezident İlham Əliyev Qarabağ məsələsində Azərbaycana qarşı olan təzyiqləri qətiyyətlə dəf etdi. Onu da qeyd etməliyiki ki, Prezident İlham Əliyev hər birimizdə fəxarət hissi doğuran açıq və cəsarətli siyasət yürüdürdü və daim bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı bunun təsdiqi oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün torpaqlarımız azad edildi, hər gün düşmən məğlubiyyətə uğardıldı və Vətən savaşının hər günü bir zəfər idi.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, həmin günlərdə Prezident İlham Əliyevin Azərbaycana qarşı olan beynəlxalq təzyiqlərin qarşısını qətiyyətlə aldı. Həmin dövrdə dünya erməniliyinin respublikamıza qarşı beynəlxalq diplomatik cəbhə açmasına imkan verilmədi. Azərbaycanın Qoşulmama Hərəkatındakı dostları 2020-ci ilin oktyabrında BMT-də Fransanın təşəbbüsü ilə Azərbaycana qarşı sənədin qəbulunun qarşısını aldılar.

Bütövlükdə, Vətən savaşı Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli siyasətinin, Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinin, əsgər zabitlərimizin vətənpərvərliyinin və əzminin, xalqımızın milli həmrəyliyinin ən mükəmməl nümayişi oldu. Döyüş meydanında darmadağın edilən Ermənistan Şuşanın azad edilməsindən sonra kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Prezident İlham Əliyev Ermənistana və antiazərbaycançı dairələrə xəbərdarlıq etdi

Vətən müharibəsi tamamilə yeni reallıqlar yaratdı və təsdiq etdi ki, Prezident İlham Əliyev torpaqlarımızın azadlığı uğrunda nə qədər mükəmməl və dəqiq konturları olan siyasət yürüdüb. Bu gün dönüb tarixə ekskurs edəndə görürük ki, bu siyasətin heç bir alternativi yoxdur. Çünki Ermənistan heç vaxt torpaqlarımızı sülh yolu ilə azad etmək fikrində olmayıb.

Eyni zamanda ötən 4 ildə baş verən digər uğurlu hadisələr Vətən müharibəsindəki zəfərimizin davamı olmaqla, Prezident İlham Əliyevin torpaqlarımızın azadlığı ilə bağlı yürütdüyü siyasətin ən düzgün yol olduğunu təsdiq edir. 2023-cü ildə antiterror əməliyyatları nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpası və Qarabağda erməni separatçılığına son qoyulması, 2024-cü ildə Qazaxın 4 kəndinin bir güllə atılmadan işğaldan azad edilməsi Vətən müharibəsindəki zəfərimizin məntiqi davamlı olmaqla, bir daha Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticələri kimi tarixə düşdü.

O da bəllidir ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə barışa bilməyən bəzi Qərb dairələri Ermənistanı ölkəmizə qarşı yeni müharibəyə təhrik edirlər. Bu məqsədlə Ermənistanı silahlandırır, süni gərginlik yaratmağa çalışırlar. Prezident İlham Əliyev Zəfər parkından xalqa müraciətində həm də Ermənistana və Azərbaycanın qələbəsi ilə razılaşmaq istəməyən dairələrə xəbərdarlıq etdi. Qeyd edək ki, bu xəbərdarlıqlardan vaxtında düzgün nəticə çıxarmayan Ermənistan həm 44 günlük müharibədə, həm də antiterror əməliyyatlarında lazımi dərsini alıb. Ona görə bu dövlət Azərbaycan Prezidentinin xəbərdarlığından və məğlubiyyətlərindən lazımi nəticə çıxarmalıdır. Çünki Prezident İlham Əliyevin dediyi kimi onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar.

Azərbaycan xalqının tarixinin ən qürurverici, ən şərəfli günlərini yaşayır. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi milli qürurumuzun təntənəsidir, dövlətimizin gücünün, əzminin ifadəsidir. Dövləti zirvələrə ucaldan, xalqı böyüdən, ona beynəlxalq miqyasda ehtiram qazandıran da belə tarizi zəfərlərdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının Zəfər parkından bəyan etdiyi kimi Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti