Bakı. Trend:
Azərbaycan öz resursları və dayanıqlı inkişaf strategiyaları ilə Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır.
Bunu Trend-ə müsahibəsində “ExxonMobil”in keçmiş vitse-prezidenti və İnsan alverinə qarşı Qlobal kampaniyanın rəhbəri Cin Baderşnayder bildirib.
“Azərbaycan böyük neft və qaz ehtiyatlarına malikdir. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Azərbaycan Avropanın köməyinə gələrək, onun qaza olan tələbatının hardasa 4 faizini təmin edib. Belə kiçik ölkə üçün bu əhəmiyyətli rəqəmdir”, - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın bərpaolunan enerji, ələlxüsus da külək enerjisi sektorunda da əhəmiyyətli potensialı var.
“Bu cür texnologiyaların dəyərinin düşməsi şəraitində bərpaoluna bilən enerji mərkəzinin yaradılması mühüm rol oynaya bilər. İqlim dəyişiklikləri bizi yanaşmaları yenidən nəzərdən keçirməyə məcbur edir, amma onu da qeyd etmək vacibdir ki, “yaşıl” enerjiyə keçid getdikcə neft-qaz sektoru ilə müqayisədə iqtisadi baxımdan daha sərfəli olur”, - deyə Cin Baderşnayder bildirib.
Qlobal çağırışlardan söz açarkən o, qlobal siyasi sistemin qeyri-sabitliyini vurğulayıb.
“Bakı Qlobal Forumunda bir çox vacib suallar müzakirə olunur. Yeni ittifaqlara və əməkdaşlıqlara ehtiyac olduğunu dünya ictimaiyyəti anlamlıdır, belə ki, çoxtərəfli yanaşma hazırda böhran dövrünü yaşayır. Ümidvaram ki, Avropa ölkələri və digər ölkələr bu prosesdə öz rollarını anlayacaqlar. Biz ittifaqlar, əməkdaşlıqlar və çoxtərəflilik barədə düşünməliyik, çünki indi çoxtərəfli dünya düzən olduqca səbatsız vəziyyətdədir”, - deyə o bildirib.
Cin Baderşnayder, həmçinin, iqlim gündəminin əhəmiyyətindən söz açıb.
“Biz COP29-u və qəbul edilmiş cəsarətli öhdəlikləri dəstəkləməliyik. Lakin COP30-un mənzərəsi olduqca qaranlıq görünür: ABŞ prosesdən çıxıb, cəmi 5 faiz ölkə milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDCs) təqdim edib. Biz olduqca mənfi mövqedən başlayırıq", – deyə o qeyd edib.
Bununla belə, onun sözlərinə görə, iqtisadi amillər iqlim problemlərinin həllində müsbət rol oynaya bilər.
"Bakıdan Belemə (Braziliya) marşrutu və 1,3 trilyon ABŞ dollarının cəlb edilməsi məsələsi, həqiqətən də, vacibdir. Bizim üzləşdiyimiz qlobal çağırışlar var – sülh və təhlükəsizlik, amma bizə faydalı ola biləcək iqtisadi faktorlar da var”, - deyə Cin Baderşnayder bildirib.
O bildirib ki, beynəlxalq gündəmdə müdafiə və milli təhlükəsizlik məsələlərinin üstünlük təşkil etməsinə baxmayaraq, qlobal razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməsini unutmaq olmaz.