...

Müxalifətin qanunla bağlı problemlərini ölkədə ən mühüm məsələ kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir - Ərdoğan

Siyasət Materials 20 Mart 2025 23:47 (UTC +04:00)
Müxalifətin qanunla bağlı problemlərini ölkədə ən mühüm məsələ kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müxalifətin öz daxili münaqişələrini və ya qanunla bağlı problemlərini ölkədə ən mühüm məsələ kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konfrans Salonunda iftar süfrəsində partiyasının keçmiş millət vəkilləri ilə görüşündə çıxışında bildirib.

Onun sözlərinə görə, müxalifətin ambisiya və istəklərinin faktiki olaraq ağılları əsir edib.

"Onlar bizim polisə hücum edəcək, hakimləri, prokurorları, məhkəmələri təhdid edəcək qədər müvazinətini itiriblər. Diqqət edirsinizsə, CHP, media və digər strukturları ilə müxalifət istər diplom məsələsində, istərsə də korrupsiya, oğurluqla bağlı məhkəmə orqanlarının irəli sürdüyü iddialara heç vaxt cavab vermir, cavab verə bilmirlər. Bunun əvəzində onlar məsələni siyasi şüarlarla məhdudlaşdıraraq öz tərəfdaşlarını təhrik etmək və milləti aldatmaq kimi asan varianta əl atırlar. "Bu diplom alın təri ilə, qanunauyğun alınan sənəddir" deyirlərsə, bunu hüquqi arqumentlərlə müzakirə etmək olar. Eləcə də "bələdiyyədə oğurluq, korrupsiya, qanunsuzluq, ədalətsizlik, qaranlıq, mürəkkəb münasibətlər yoxdur" desələr, mütəxəssislər vasitəsilə və hüquqi sübutlar işığında bunu danışmaq, müzakirə etmək olar, lakin onlar bu işləri görmürlər və görədə bilməzlər. Çünki bütün bunların və daha çoxunun doğru və real olduğunu ən yaxşı onlar bilirlər", - o bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, onlar hətta bilirlər ki, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəmə orqanlarına öz partiyalarından olan şəxslər verib.

"İctimaiyyət qarşısında timsah göz yaşları tökən CHP idarəçilərinin əksəriyyətinin partiyadaxili qarşıdurmada rəqiblərini sıradan çıxartdıqları üçün bağlı qapılar arxasında sevincinin həddi-hüdudu olmadığı da ortadadır”, - o bildirib.

Xatırladaq ki, martın 19-u İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb.

Baş Prokurorluğun yaydığı bəyanatda bildirilir ki, PKK/KCK terror təşkilatının İstanbul başda olmaqla böyük şəhərlərdə təsirini artırmaq məqsədilə 31 mart 2024-cü il tarixində keçirilən bələdiyyə seçkiləri çərçivəsində "şəhər konsensusu" adlı fəaliyyət həyata keçirilib.

Terror təşkilatının rəhbərlərindən Cemil Bayık və Mustafa Karasu seçkilər öncəsi öz fikirlərini və təlimatlarını təşkilata yaxın media vasitəsilə yayımlayıblar.

Açıqlamada qeyd olunur ki, İstanbul seçkilərində İstanbul meri Əkrəm İmamoğlunun "şəhər konsensusu" prinsipi əsasında terror təşkilatının çətir strukturu olan Xalqların Demokratik Konqresi (HDK) ilə ittifaqa getdiyi barədə dəlillər mövcuddur. Bu çərçivədə, başda İstanbul olmaqla bir çox şəhərdə HDK üzvlərinə qarşı eyni vaxtda əməliyyatlar keçirilib və saxlanılan şəxslər barəsində araşdırmalar davam edir.

Məlumata əsasən, istintaqın gedişində CHP siyahısı ilə seçilmiş bələdiyyə məclisi üzvləri və təyin olunmuş bələdiyyə sədrlərindən bəzilərinin terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib.

İstintaq çərçivəsində toplanan sübutlara əsasən, İstanbul meri Əkrəm İmamoğlu, İstanbul bələdiyyəsinin baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun rəhbəri Mehmet Ali Çalışkan, terror təşkilatının ideoloji strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən və hazırda qaçqın olan A.B, onun sahibi olduğu “Spectrum House” şirkətinin əməkdaşı və 2018-ci ildə terror təşkilatının silahlı qüvvələrinə kadr cəlb etməkdə adı hallanan H.A., Şişli Bələdiyyə sədrinin müavini Ebru Özdemirin "şəhər konsensusu" fəaliyyətində əlbir olduqları bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti