Bakı. Trend:
2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində keçmiş “Dağlıq Qarabağ” probleminin Azərbaycanın tam və qəti qələbəsi ilə həll olunmasından sonra Avropanın bir sıra ölkələri, o cümlədən məhz Almaniyadan bu proseslərə qeyri-obyektiv, qərəzli və faktların təhrif olunmasına əsaslanan ardıcıl reaksiya və şərhlər görməkdəyik. Bu dəfə isə Almaniyanın dövlət media orqanı “Deutsche Welle”nin (DW) belə qərəzli mövqedən çıxış etməsi bizim üçün o mənada təəcüblü deyil ki, Almaniya parlamenti, siyasi hakimiyyət dairələrindən bu istiqamətdə son 3-4 ildə ardıcıl şəkildə qərəzli reaksiyalar görmüşük.
Bu fikirləri Trend-ə açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu gün bölgəmizdə sülh üçün yaranan zəif imkana malik olduğumuz şəraitdə Almaniyadan belə qərəzli şərh bölgəmizdə sülh prosesinə xidmət etmir, əksinə sülh üçün yaranan zəif şansa daha da mənfi təsir göstərir, onu pozur. Cənubi Qafqazda sülhün taleyində maraqlı olan bütün dairələr ancaq sülh prosesinə dəstək vermək istiqamətində yanaşmalar nümayiş etdirməlidir:
“Kəlbəcərdən vaxtilə azərbaycanlıların dəhşətli şəkildə qovulmasını əks etdirən kadrların guya ermənilərin Ermənistana qaçmasını əks etdirən səhnələr kimi təqdim olunması olduqca bağışlanmaz yanaşmadır. Bu, media peşəkarlığı və obyektivliyinə qəti şəkildə uyğun olmayan mövqedir. Azərbaycanın 30 il işğal altında qalmış ərazilərini azad etməsi üçün məcburi şəkildə müharibə variantına əl atmasının qərəzli şəkildə “yolverilməz” adlandırılması olduqca səhvdir. Azərbaycanın özünün bütün insani və hərbi resursları ilə müharibə qanunlarına əməl etmək şərti ilə qalib gəlmək üçün addımlar atdığı halda, guya Azərbaycan tərəfində müxtəlif ölkələrdən gələn muzdluların döyüşməsinə dair rəyin yaradılması da alman media orqanı üçün qəbahət sayılmalıdır və bölgədə aparılan sülh prosesinə ağır zərbə kimi qiymətləndirilməlidir.
Müharibədən sonra bölgəmizdə gedən prosesləri birtərəfli qaydada işıqlandırmaq, yalnız Ermənistan mənbələrinə istinadən “faktlar”ı ortaya qoymaq və onlara şərh vermək ziyanlı reaksiyadır. Onlar həqiqətən də regionda sülhə dəstək vermək istəyirdilərsə, yaxşı olardı ki, erməni şərhçilərlə bərabər, Azərbaycan politoloqlarının da mövqelərini öyrənərdilər. Əgər belə bir yanaşma ortaya qoysaydılar, mən əminəm ki, bölgəmizdə sülh üçün yaranan imkana daha da güclü təsir göstərə bilərdilər”.
Baş redaktor əlavə edib ki, Almaniyanın dövlət media orqanının bu yanaşması bu ölkədə media orqanının sırf media prinsipləri ilə işləməsinin sadəcə mif olduğunu bir daha sübut edir.
“Çünki bu, Almaniya media orqanlarının Cənubi Qafqazda baş verən hadisələrə münasibətdə Almaniyanın siyasi dairələrinin, müəyyən ambisiyalı siyasi hakimiyyət orqanlarının təsiri altında olduğunu bir daha nümayiş etdirir. Belə bir reportajın hazırlanması, onun “sənədli film” kimi təqdim olunması bizim bölgəmizdə sülhə zərbədir.
Yəqin ki, Azərbaycanın hakimiyyət orqanları, xüsusilə Xarici İşlər Nazirliyi bununla bağlı ayrıca və sərt mövqe bildirəcək və bildirməlidir. Ona görə ki, müxtəlif ölkələrin media orqanları bölgədə sülhə dəstək vermək istədiklərini bildirdikləri halda, bu cür ziyanlı mövqedən çıxış edirlər. Azərbaycan dövlətinin adından kəskin reaksiya olmalıdır ki, bundan sonra Avropa ölkələrindən Cənubi Qafqaza belə qərəzli müdaxilələr olmasın, informasiyaların manipulyasiyası vasitəsilə sülhə zərbə vurulmasın. Azərbaycan ictimaiyyəti də XİN, parlament və müxtəlif dövlət orqanlarından belə kəskin reaksiyanın olmasını gözləyir”, - deyə A.Quliyev qeyd edib.