Bakı. Trend:
Rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsinin tezliklə imzalanmasını istədiyini bəyan edir, digər tərəfdən isə cəbhə xəttində ardıcıl atəşkəs pozuntularına və hərbi təxribatlara yol verir. Bu baxımdan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhəd bölgəsinə etdiyi son səfər manipulyativ xarakter daşıyır. Bu, daha çox Ermənistanın sülh ritorikasında hərbi təxribatlara əsaslandığı təəssüratı yaradır.
2024-cü ilin sonlarından etibarən Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edir. Baş nazir Paşinyan müxtəlif beynəlxalq tribunalarda bu niyyəti dilə gətirir, regionda “sülh dövrünün başlandığını” iddia edir. Lakin 2025-ci ilin əvvəlindən etibarən Ermənistan silahlı qüvvələrinin Tovuz, Kəlbəcər, Laçın, Zəngilan, Naxçıvan istiqamətlərində atəşkəsi mütəmadi pozması İrəvanın real niyyətini ciddi şəkildə sual altına alır. Əgər rəsmi İrəvan doğrudan da sülhə can atırsa, niyə cəbhə xəttindəki silahlı qüvvələrinin fəaliyyətinə nəzarət etmir? Niyə bu atəşkəs pozuntuları ilə bağlı ictimai və beynəlxalq auditoriyaya tutarlı açıqlama vermir? Ona görə də Paşinyanın sərhədə səfəri bu suallara cavab axtarmaq yox, əksinə, onları ört-basdır etmək məqsədi güdür.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan son günlərdə Azərbaycanın dövlət sərhədi yaxınlığında yerləşən vilayətlərə səfəri hökumət tərəfindən guya “sülh təşəbbüsünün dəstəklənməsi və yerli əhalinin narahatlıqlarının dinlənilməsi” kimi təqdim edilir. Lakin əslində bu səfər Ermənistan cəmiyyətində sərhəd bölgələrində baş verənlərə dair informasiya manipulyasiyasına xidmət edir. Paşinyan nəinki sərhəddə baş verən atəşkəs pozuntularını etiraf etmir, əksinə, özünü “təhlükə altında olan lider” kimi təqdim etməyə çalışır. O, səfəri ilə həm daxili auditoriyaya “güclü lider” obrazı göstərmək, həm də beynəlxalq aləmdə “sülh istəyən, lakin təhdid altında olan” dövlət rəmzi kimi görünmək istəyir. Əlbəttə ki, bu, Ermənistanın təxribatçı hərbi fəaliyyətini legitimləşdirmək üçün planlaşdırılmış addımdır.
Bir müddətdir Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının Müşahidə Missiyası isə bu günlərdə baş verən atəşkəs pozuntularına faktiki olaraq reaksiya vermir. Onların mandatı guya “regionda sabitliyi müşahidə etmək və eskalasiyaların qarşısını almaq” olsa da, praktiki fəaliyyətləri Ermənistan tərəfinin təxribatlarını ört-basdır etməklə məhdudlaşır. Son aylarda müşahidə missiyası Ermənistan hərbçilərinin Azərbaycan mövqelərinə qarşı açdığı atəşlərə, o cümlədən Kəlbəcər və Laçında təxribatçı atəş nöqtələrinin yaradılmasına susqunluq nümayiş etdirir. Bu isə beynəlxalq institutların, xüsusən də Avropa İttifaqının bölgəyə yanaşmasında ikili standartlardan istifadə etdiyini göstərir. Avropa İttifaqı müşahidəçilərinin fəaliyyətsizliyi Ermənistanı daha da cəsarətləndirir, sülh təşəbbüslərinə isə ciddi zərbə vurur. Halbuki bir dövlət qonşusu ilə sülh müqaviləsi bağlamaq istəyirsə, ilk növbədə sərhəd xəttində sabitliyi təmin etməlidir. Ermənistan isə bunun tam əksini edir: diplomatik masada yumşaq bəyanatlar verir, lakin cəbhədə atəş açır. Siyasi ritorika ilə hərbi əməliyyatların bu ziddiyyəti Ermənistan rəhbərliyinin qeyri-səmimi niyyətini göstərir. Paşinyanın sərhəd səfəri də sülh gündəliyini irəli aparmaq üçün deyil, mövcud vəziyyəti manipulyasiya edərək beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Ona görə də bu, daxili auditoriyaya “Paşinyan xalqla birlikdədir” mesajı vermək, xaricə isə “Azərbaycan təhdid yaradır” görüntüsü yaratmaq üçün səhnələşdirilmiş siyasi gedişdir.
MTM Analitik Qrup