...

Beynəlxalq Türk Akademiyası türk dövlətləri arasında elm və təhsil sahələrində əməkdaşlığa səy göstərir - Şahin Mustafayev

Cəmiyyət Materials 21 Aprel 2025 10:49 (UTC +04:00)
Beynəlxalq Türk Akademiyası türk dövlətləri arasında elm və təhsil sahələrində əməkdaşlığa səy göstərir - Şahin Mustafayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Türk Akademiyası Türk dövlətləri başçılarının qərarı ilə yaradılmış Türk Əməkdaşlıq Təşkilatlarından biridir.

Trend xəbər verir ki, bunu “Türk Barometri 2024 - Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələri barədə tədbirdə çıxışı zamanı Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev deyib.

O bildirib ki, Akademiyanın başlıca missiyası elm və təhsil sahəsində Türk dövlətlərinin inteqrasiyası prosesinə xidmət etmək, bu sahədə ortaq platformların yaradılması və müxtəlif beynəlxalq və regional layihələrin həyata keçirilməsindən ibarətdir:

“Öz fəaliyyətini Türk dövlət başçılarının göstərişləri və təlimatları istiqamətində, “Türk Dünyası 2040 Vizyonu” adlı strateji sənədin qoyduğu hədəflər çərçivəsində quran Beynəlxalq Türk Akademiyası türk dövlətləri arasında elm və təhsil sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün öz səylərini əsirgəmir. Məlumat üçün qeyd edim ki, hal-hazırda Akademiya tərəfindən qırxa yaxın iri və orta həcmli beynəlxalq layihələr həyata keçirməkdədir ki, bunlar da Türk xalqlarının ortaq tarixi, mədəniyyəti və dillərini əhatə edir. Bunlarla yanaşı, təbii ki, Türk dövlət başçıları tərəfindən Zirvə Görüşlərində gündəmə gətirilən və Türk dünyası üçün aktual olan praktik məsələlərin elmi müstəvidə tədqiqi də Beynəlxalq Türk Akademiysının fəaliyyətində önəmli yer tutmaqdadır.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusilə vurğuladığı məsələlər arasında Azərbaycanda və digər Türk dövlətlərində su problemi, və ya qida təlükəsizliyi məsələsi və digər bu kimi məslələlər də diqqət mərkəzimizdədir. Və Akademiya bu sahədə illik regional hesabatlar hazırlayıb dövlət başçılarımızın və müvafiq dövlət orqanlarının diqqətinə təqdim edir.

Bu baxımdan Beynəlxalq Türk Akademiyasının son illər həyata keçirdiyi önəmli layihələrdən biri “Türk Barometri” adlanır. Bilindiyi kimi, “barometer” layihələr dünyada tanınan bir brenddir. Məsələn, “Eurobarometer” və ya “Balcanbarometer” Avropada və ya Balkanlarda ictimai rəyin öyrənilməsi üçün populyar layihələrdir.”

Ş. Mustafayev bildirib ki, Türk Akademiyasının həyata keçirdiyi “Türk Barometri” layihəsi sosioloji tədqiqat yolu ilə türk ölkələri arasında mövcud inteqrasiya prosesləri ilə bağlı cəmiyyətin rəyləri və gözləntilərinin müəyyən edilməsi məqsədi ilə aparılır.

“Bu araşdırma həmçinin, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə əhalinin sosial-mədəni tendensiyalarının öyrənilməsi, milli kimlik, ekoloji məlumatlılıq, sosial həmrəylik və etimad səviyyələrinin müqayisəli təhlil yolu ilə ölçülməsində mühüm vasitədir. Keçən il apardığımız “Türk Barometr 2023” tədqiqatı müxtəlif türk toplumlarında Türk dünyasının yaxınlaşma və əməkdaşlıq prosesinə necə münasibət bəsləndiyinin oyrənilməsi məsələsinə həsr olunmuşdur. Hazırki “Türk Barometri 2024” tədqiqatında isə türk dövlətləri arasında mövcud elm və təhsil əməkdaşlığına dair aktual məsələlər tədqiq olunur. Hər zaman olduğu kimi, bu ilki tədqiqat da Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədə aparılmış. Bu araşdırmalar hər türk dövlətində müvafiq ixtisaslaşdırılmış elmi qurumların köməkliyi ilə, o cümlədən Azərbaycanda “Sosial Tədqiqat Mərkəzi” ilə əməkdaşlıq şəraitində həyata keçirilib. Tədqiqatda anket sorğusu metodu ilə Türk dövlətlərinin orta və ali təhsil müəssisələrində çalışan 4131 nəfər professor və müəllimin və ümumi sayı 156 nəfər olan türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimləri və təhsil ekspertlərinin rəyi öyrənilmişdir. Əldə olunmuş sorğu məlumatları və ekspert rəyləri əsasında bir sıra təkliflər təqdim olunub. Beləliklə, bu tədqiqatın nəticələri uzun illərdir türk dövlətləri arasında təhsil və elmi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətin dolğun bir mənzərəsini müəyyən etməyə imkan yaradır", - o əlavə edib.

Akademik qeyd edib ki, tədqiqatın həm ümumi, həm də ölkələrə görə nəticələrini beynəlxalq araşdırma qrupunun üzvləri öz çıxışlarında işıqlandıracaqlar:

“Mən isə tədqiqatda önə çıxan bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Araşdırmanın əsas nəticələri türk dövlətlərinin ortaq təhsil və elm siyasətini inkişaf etdirərək regional və qlobal miqyasda daha güclü olmanın zəruriliyini vurğulayır. Bu kontekstdə ən mühüm nəticələrindən biri respondentlərin türk dövlətlərinin ali təhsil müəssisələrində birgə təhsil proqramlarının hazırlanması, professor-müəllim və tələbə mübadiləsi proqramları, müştərək elmi tədqiqat layihələri kimi konkret əməkdaşlıq fəaliyyətlərinin sürətləndirilməsiylə bağlı fikirləridir. Tədqiqatın nəticələri həmçinin türk dövlətləri arasında təhsil və elmi əməkdaşlığın potensial istiqamətləri üzrə prioritetlərin ölkələrə görə fərqlilik səviyyəsini üzə çıxarır. Məsələn, Azərbaycandan olan respondentlərin əhəmiyyətli bölümü pedaqoji və tibb elmləri sahəsində əməkdaşlığa önəm verməklə yanaşı, xüsusilə türk dili və mədəniyyəti, ortaq tarix və ədəbiyyat kimi mövzularda da işbirliyinin vacibliyini vurğulayıb. Qazaxıstandan olan iştirakçılar isə daha çox turizm təhsili sahəsində əməkdaşlığın ön planda olması təklifini irəli sürürlər. Qırğızıstandan olan respondentlər təhsildə ortaq tarix və mədəniyyət araşdırmalarına böyük önəm verir və bu əməkdaşlığın mədəni birliyi gücləndirəcəyinə inamlarını vurğulayırlar. Həmçinin respondentlərimiz təhsil və elm sahəsində əməkdaşlığın sürətləndirilməsi məqsədilə ali təhsil diplomlarının və elmi adların qarşılıqlı tanıması və ekvivalentliyi ilə bağlı prosedur qaydalarının təkmilləşdirilməsini təklif edirlər ki, bu da, şübhəsiz, mühüm addım ola bilər.

Eyni zamanda, tədqiqatın nəticələri elm və təhsil sahəsində türk dövlətləri arasında mövcud mübadilə proqramlarının tətbiqi ilə bağlı bəzi o qədər də ürək açmayan məqamları da ortaya çıxarıb. Məsələn, araşdırma nəticəsində türk dövlətlərində professor-müəllim heyəti və tələbələr arasında Orxun Mübadilə Proqramı haqqında son dərəcə az adamın xəbərdar olduğu ortaya çıxdı. Belə ki, bu Proqramın istifadəçilərinin ən yüksək göstəricisinin Azərbaycanda olmasına baxmayaraq (9,49%), respondentlərin əksəriyyəti (44,69%) bu proqramdan ümumiyyətlə məlumatsızdırlar. Türkiyədə də Orxun Proqramından yararlananların nisbəti olduqca aşağıdır (1,87%). Bundan əlavə, bütün ölkələrdən olan iştirakçıların böyük əksəriyyəti proqramdan yararlanmayıb. Və ya rəyi soruşulanların 51,44%-nin, yəni yarıdan çoxunun proqram haqqında ümumiyyətlə məlumatı olmadığı üzə çıxıb. Bu məqam, proqramın üzv dövlətlərin təhsil və elm ictimaiyəti tərəfindən kifayət qədər tanınmadığını göstərir və proqramın canlandırılması üçün müvafiq qurumlar tərəfindən lazımi addımların atılmasını zəruri edir. Beləliklə, şübhə etmirəm ki, “Türk Barometri 2024”ün nəticələri türk dövlətlərinin elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı kifayət qədər gerçəkçi və dolğun mənzərəni təqdim etməklə bu sahədə ölkələrimiz arasında inteqrasiyanın həyata keçirilməsi üçün olduqca faydalı və informativ bir məlumat bazasını təşkil edir.

Çıxışımın sonunda bu araşdırmanın meydana çıxmasında əməyi keçən bütün qurumlara və mütəxəssislərə Beynəlxalq Türk Akademiyası adından təşəkkür edir və konfransın işinə uğurlar diləyirəm”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti