...

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi yarım milyard dollardan çox artıb

İqtisadiyyat Materials 21 Aprel 2025 12:19 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi yarım milyard dollardan çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 540,8 milyon ABŞ dolları və ya 60,7% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,88%-i həcmində olub. Bununla da Rusiya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında ikinci pillədə qərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 233,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon ABŞ dolları və ya 2,1% çoxdur.

Eyni zamanda, hesabat dövründə Rusiyadan Azərbaycana 1,2 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 535,9 milyon ABŞ dolları və ya 81% artım deməkdir. Bununla da hesabat dövründə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti