Bakı.Trend:
Qazaxıstan QHT-ləri ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına əhəmiyyətli töhfələr verir.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət Nazirliyi yanında Vətəndaş Cəmiyyəti İşləri Üzrə Komitənin sədri Gülbara Sultanova Andreyeva Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.
“Qazaxıstanda vətəndaş cəmiyyəti “2021-2030-cu illər üzrə Vətəndaş cəmiyyətinin İnkişafı Konsepsiyası” sayəsində sürətlə inkişaf edir. Bu gün bizim ölkədə 20 mindən çox QHT var, vətəndaşların təxminən 40 faizi mülki fəaliyyətində iştirak edir. Qazaxıstan QHT-ləri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına əhəmiyyətli töhfələr veriblər. Onlar müşavirələrdə və işçi qruplarda iştirak edirlər”, - deyə o bildirib.
Onun sözlərinə görə, hakimiyyət dialoq üçün əla şərait yaradıb və buna misal kimi Əlaqələndirmə şurası, ictimai şuaralar və vətəndaş forumlarını göstərib.
“Hər il QHT-lər Dayanıqlı İnkişaf Məqsədləri, təhsilin təkmilləşdirilməsi, gender bərabərliyi, təbiətin mühafizəsi, insan haqqları və digər istiqamətlər üzrə 2000-dən çox sosial layihə həyata keçirirlər”, -deyə Sultanova vurğulayıb.