...

İran Ermənistana görə Azərbaycanla münasibətləri korlamağın mənasızlığını başa düşür

Siyasət Materials 28 Aprel 2025 13:42 (UTC +04:00)
İran Ermənistana görə Azərbaycanla münasibətləri korlamağın mənasızlığını başa düşür

Azərbaycanın İran İslam Respublikası ilə münasibətləri müəyyən anlaşılmazlıq və ziddiyyətlərə rəğmən, ötən 30 ildə qarşılıqlı maraqlar əsasında inkişaf edib. Respublikamız yaxın qonşu və müsəlman dövləti kimi İranla əlaqələrinin yüksələn xətlə inkişafına çalışıb, onun daxili işlərinə müdaxilə kimi dəyərləndiriləcək hansısa addıma yol verməyib. Müxtəlif dövrlərdə qarşılıqlı münasibətlərdə fikir ayrılıqları meydana çıxsa da, rəsmi Bakı hansısa tərəddüd və ziddiyyət yarada biləcək yanaşmalardan uzaq olub.

Azərbaycan Prezident İlham Əliyev ilk gündən İranın Azərbaycanla tarixi kökləri olan qonşuluq və dostluq münasibətlərinin inkişafına xüsusi önəm verib. Bunun əyani təsdiqi kimi ikitərəfli münasibətlər iqtisadi, siyasi və digər sahələrdə dinamik inkişaf edib. Rəsmi Bakı ABŞ və bəzi Qərb ölkələrinin nüvə enerjisi əldə etmək istəyən İrana qarşı müəyyən sanksiya və embarqolarına qarşı çıxıb, siyasi gərginliyin danışıqlar yolu ilə aradan qaldırılması vacibliyini bəyan edib. Azərbaycan rəhbərliyi İranla ABŞ, eləcə də Qərb arasında hökm sürən anlaşılmazlıqların qarşıdurma müstəvisinə keçməsinə qarşı olduğunu, ölkəmizin ərazisindən, hava məkanından İrana qarşı hərbi platsdarm kimi istifadə cəhdlərinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan edib.

İran-Azərbaycan münasibətlərinin inkişafında xüsusilə son 10 ili intensiv və səmərəli mərhələ kimi dəyərləndirmək mümkündür. 2014-cü ilin noyabrında İranın keçmiş prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ilə iki dövlət arasında münasibətlərin inkişafına təkan verilib, xüsusilə də imzalanmış “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” qarşılıqlı inam və etimadı gücləndirib. Mühüm siyasi əhəmiyyətə malik bu bəyannamədə tərəflər ərazilərində biri-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönələn fəaliyyətə imkan verməyəcəklərini təsdiq ediblər.

Prezident İlham Əliyevin 2014-cü ilin aprelində İrana səfəri çərçivəsində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti uzun fasilədən sonra bərpa olunub, həm Bakıda, həm də Tehranda mütəmadi görüşlər keçirilib. Bu görüşlər qarşılıqlı investisiyalara, müştərək müəssisələrin yaradılmasına və mal mübadiləsinin ciddi şəkildə artımına imkan yaradıb. Dövlət başçısının İrana 2016-cı ildə reallaşan səfəri zamanı ölkələrimiz arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb, 2016-cı ilin sonunadək Astara istiqmətində dəmir yolu xətlərinin birləşdirilməsi barədə razılığa gəlinib. 2016-cı il aprelin 20-də Azərbaycan və İran dəmiryollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə uyğun olaraq, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.

Müsbət tendensiyalara rəğmən, İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə ikitərəfli münasibətlərin yenidən gərginləşməsi də açıq qeyd olunmalıdır. Ərazi bütövlüyünü bərpa edən Azərbaycanın Zəngəzur Dəhlizinin açılması istiqamətində atdığı qətiyyətli addımların rəsmi Tehran tərəfindən qərəzli və qeyri-adekvat qarşılanması, İranın bu layihəni özünün “qırmızı xətti” adlandırması, Qafan şəhərində tələm-tələsik konsulluq açması, ölkəmizlə sərhəddə hərbi təlimlər keçirməsi, 2023-ci ildə Tehrandakı səfirliyimizə qarşı xain terror hücumu ikitərəfli münasibətlərdə ciddi problemlər yaradıb.

Siyasi zəmində mövcud olan anlaşılmazlıqlara rəğmən, hər iki ölkə iqtisadi və regional əməkdaşlıq məsələlərinə praqmatizmlə yanaşır, qarşılıqlı şəkildə öhdəliklərinin icrasını təmin edirlər. İran bu gün Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir – ötən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 647 milyon ABŞ dolları təşkil edib. İki ölkənin birgə reallaşdırdığı nəqliyyat-kommunikasiya əlaqələri də qlobal əhəmiyyət daşıması ilə səciyyəvidir. Yaxın perspektivdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin Rəşt-Astara hissəsinin tikintisinin davamı ilə əlaqədar Azərbaycan, İran və Rusiyanın müvafiq struktur rəhbərlərinin görüşü nəzərdə tutulur. Xatırladaq ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Bu yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də daxil olmaqla, Körfəz ölkələri ilə Cənub Şərqi Asiya ölkələrini nəqliyyat baxımından Rusiya və Avropa ilə birləşdirəcək. Körfəz və Oman dənizi limanlarına daxil olan yüklər İran və Azərbaycan üzərindən Rusiyaya və əks istiqamətə daşınacaq.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəhlizin Ermənistan ərazisindən keçməsi nəzərdə tutulsa da, rəsmi İrəvanın öhdəliklərinə əməl edərək bu istiqamətdə real addımlar atmaması rəsmi Bakının analoji layihəni İranla icra etməsinə zəmin yaradıb. Ermənistan rəhbərliyi eyforiyaya qapılaraq hesab edirdi ki, Azərbaycanın Naxçıvanla quru rabitəsini təmin edəcək Zəngəzur dəhlizi ətrafında manipulyasiyalar edərək rəsmi Bakının mövqeyinə hansısa formada təsir imkanları qazana bilər. Azərbaycan isə bu layihəni İranla birgə icra etməklə, Ermənistanın bu mövzuda manipulyasiyalarının qarşısını birdəfəlik alıb və yeni geosiyasi mərhələdə də dalan kimi qalmasına möhürünü vurub.

Şərqi Araz adlandırılan yeni dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr Cənubdan keçərək Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq. Hazırda layihə çərçivəsində hazırda Horadizdən Ağbəndə avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur. Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq, bu marşrut tranzit yüklərin daşınmasına xidmət edəcək. Layihənin reallaşması Şərqi Zəngəzur iqtisadi rayonunun iqtisadi inkişafı, ümumən bölgənin logistik mərkəzə çevrilməsi baxımından da əhəmiyyətlidir.

Aprelin 28-də Azərbaycana rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər deməyə əsas verir ki, rəsmi Tehran ölkəmizlə münasibətlərdəki anlaşılmazlıqların aradan qaldırılmasında və inkişafında maraqlıdır. Səfər zamanı aparılacaq müzakirələr nəticəsində rəsmi Tehranın ikitərəfli münasibətlərlə düyün nöqtələrindən olan Zəngəzur Dəhlizi layihəsində münasibətinin daha sağlam və konstruktiv əsasda dəyişəcəyinə də inam böyükdür. Başqa sözlə, artıq İran rəhbərliyi ABŞ və Fransa ilə sıx əməkdaşlıq edən, Qərbin hərbi kontingetinin ərazisində yerləşdirən Ermənistana görə Azərbaycanla münasibətləri korlamağın mənasızlığını başa düşür.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti