Bakı. Trend:
Hazırda Qlobal Cənub QHT platforması həmişəkindən daha aktualdır.
Trend xəbər verir ki, bu haqda BMT-nin iqtisadi və sosial məsələlər departamentinin (UN DESA) QHT bölməsinin rəhbəri Vuk-Cin Çanq (Wook-Jin Chang) Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.
“İlk növbədə, Azərbaycan hökumətini, QHT-lərini və xalqını bugünkü mühüm forumun keçirilməsi münasibətilə təbrik etmək istərdim. Bu forum bizim bu gün üzləşməkdə olduğumuz qlobal problemlərlə mübarizə və birgə iş məqsədilə Qlobal Cənub QHT-lərini bir araya gətirir. Hazırda Qlobal Cənub QHT platforması, onun bütün QHT-lərinin bu məqsədə nail olmaq üçün birləşə bilməsi üçün həmişəkindən daha aktualdır”, - deyə Vuk-Cin Çanq deyib.
O, eyni zamanda, Qlobal Cənub və Qlobal Şimal arasında xüsusilə QHT kontekstində ədalətsizlik və qeyri-bərabərliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb
"Birləşmiş Millətlər Təşkilatında QHT-lərlə əməkdaşlıq üçün akkreditasiya prosesi mövcuddur. Hazırda BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) 6,500 akkreditə edilmiş QHT mövcuddur, amma onların 40 faizindən azı Qlobal Cənubdan gəlir, halbuki Qlobal Cənub ölkələri BMT-nin ümumi üzvlərinin təxminən 60-70 faizini təşkil edir. Lakin, bir çox problemlər, o cümlədən, Dayanıqlı İnkişaf Məqsədləri, Qlobal Cənubdan daha fəal tədbirlər tələb edir. Buna görə də, Qlobal Cənubun səsi daha güclü çıxmalı və tədbirlər görülməlidir. Bu mənada, bu platforma bu problemlərin müzakirəsi və həlli istiqamətində yaxşı bir fürsət ola bilər", - deyə Vuk Cin Çanq əlavə edib.