...

Məsud Pezeşkianın səfəri: Azərbaycan-İran münasibətlərində yeni mərhələ

Siyasət Analytics 28 Aprel 2025 10:18 (UTC +04:00)
Məsud Pezeşkianın səfəri: Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlir. Səfər iki qonşu ölkə arasında münasibətlərin yeni səhifəsini açacaq. Rəsmi vizit Cənubi Qafqazın geosiyasi mənzərəsinin sürətlə dəyişdiyi, iqtisadi maraqların və strateji hesablamaların bütün oyunçulardan daha çox çeviklik və uzaqgörənlik tələb etdiyi bir dövrə təsadüf edir.

Azərbaycan və İran bu məqama fərqli gözləntilərlə yanaşır, lakin hər iki tərəf bir məsələdə həmfikirdir: qeyri-müəyyən siyasətlər dövrü arxada qalıb, indi real və qarşılıqlı faydalı ittifaqlar qurmaq zamanıdır.

2025-ci ilin Cənubi Qafqazı sadəcə böyük güclərin toqquşan maraqlar sahəsi deyil. Bu, Çin ticarət marşrutlarının, Rusiyanın iddialarının, Türkiyənin təsirinin və Azərbaycanın artan müstəqilliyinin kəsişdiyi bir coğrafiyadır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə və ölkəmizin ərazi bütövlüyünün tam bərpası regiondakı güc balansını dəyişdi. Ermənistan artıq "münaqişə girovu" statusunu itirdi, 30 il erməni işğalında qalmış Qarabağsa qəti şəkildə Bakının suverenliyi altına qayıtdı.

Bu yeni reallıq qarşısında İran çətin bir seçim qarşısında qaldı: ya ehtiyatlı siyasət yürütməyə davam etmək, ya da Azərbaycanla möhkəm və praqmatik münasibətlərin qurulmasına qəti şəkildə qərar vermək. Uzun müddət tərəflər arasında manevr etməyə çalışan Tehran anlayır ki, sabit, güclü və suveren Azərbaycan təhlükə deyil, əksinə, bir imkandır. Məsud Pezeşkianın Bakıya səfəri də məhz bu yeni reallığın qəbulunun simvoludur.

Əvvəla, Azərbaycanla İran arasındakı iqtisadi əməkdaşlıq aşkar şəkildə canlanır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 580 milyon ABŞ dollarına çatıb və bu, 2023-cü illə müqayisədə 20 faiz artım deməkdir. Təbii ki, Azərbaycanın Türkiyə, Çin və Rusiya ilə milyard dollarlıq ticarət dövriyyələri fonunda bu rəqəm hələlik kifayət qədər böyük təsir bağışlamır.

Buna görə də Bakı və Tehran qarşılarına iddialı bir məqsəd qoyublar: qarşıdakı beş il ərzində qarşılıqlı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq. Bu, sadəcə bir rəqəm deyil, hər iki iqtisadiyyat üçün çağırış, inzibati maneələrin aradan qaldırılması, logistikanın sürətləndirilməsi və özəl investisiyaların təşviqi tələb edən bir islahat proqramıdır.

İranın yollar və şəhərsalma naziri Fərzanə Sadıq açıq şəkildə bəyan edib: İran, Qərb sanksiyalarının davam etdiyi şəraitdə, Azərbaycanı yeni bazarlara çıxış və iqtisadiyyatını şaxələndirmək üçün əsas tərəfdaş kimi görür.

Yeni əməkdaşlıq mərhələsinin parlaq nümunələri arasında infrastruktur layihələri xüsusi yer tutur. Həmin layişələr arasında Rəşt-Astara dəmir yolu əlahiddə önəm kəsb edir. Belə ki, uzun zamandır gözlənilən bu magistralın 2025-ci ildə tamamlanması nəzərdə tutulur. Bu layihə İranı Azərbaycan üzərindən Rusiya və Avropa ilə birləşdirəcək və Cənubi Qafqazı Avrasiya üçün mühüm nəqliyyat qovşağına çevirəcək. Hidroenergetikanı unutmayaq: ötən sənə Araz çayı üzərində Xudafərin və Qız Qalası su qovşaqları istifadəyə verildi. Bu obyektlər 400 min hektardan çox torpaq sahəsinin su və elektrik enerjisi təminatını həyata keçirəcək ki, bu da dəyişən iqlim şəraitində həyati əhəmiyyət daşıyır. Və təbii ki, Şərqi Zəngəzur–Naxçıvan nəqliyyat dəhlizinin İran ərazisindən keçən marşrutu. Ermənistanın iradəsindən asılı olmayan alternativ marşrutun açılması Azərbaycanın daxili əlaqəliliyini gücləndirməklə yanaşı, regionun logistika imkanlarını da xeyli artıracaq.

Sadaladığımız layihələr onu göstərir ki, Bakı və Tehran gələcəyə yönəlmiş bir strategiya ilə hərəkət edir və uzunmüddətli tərəfdaşlıq üçün infrastrukturu indidən qururlar.

Məsud Pezeşkianın səfərində biznesin rolu xüsusi vurğulanır. İran nümayəndə heyətinin tərkibində 120-dən çox özəl sektor təmsilçisi, həmçinin İranın şimal-qərb bölgələrindən dörd vilayətin qubernatorları və millət vəkilləri yer alır.
Bu, sadəcə protokol addımı yox, özəl investisiyaların inkişafına şüurlu şəkildə edilən böyük bir yatırım çağırışıdır. İran anlayır ki, biznesin fəal iştirakı olmadan 10 milyard dollarlıq ticarət hədəfi reallığa çevrilə bilməz.
Səfər çərçivəsində sərhəd bölgələrində birgə sənaye parklarının yaradılması, yeni logistika mərkəzlərinin qurulması və kənd təsərrüfatı layihələri üzrə çoxsaylı razılaşmaların imzalanması gözlənilir.

Başqa sözlə, Bakı və Tehran sadəcə dövlətlərarası sazişlərə deyil, həm də canlı iqtisadiyyata, real insanlara və real kapitala söykənən bir əməkdaşlıq modelini seçirlər. Bu isə uzunmüddətli münasibətlərin ən etibarlı təməlidir.

İran prezidentlərinin Azərbaycana rəsmi səfərləri tarixi ehtiyatlı, lakin ardıcıl yaxınlaşma xəttini əks etdirir:

2007-ci il: Mahmud Əhmədinejad Bakıya gəlir. Energetika və vizaların sadələşdirilməsi sahəsində mühüm razılaşmalar imzalanır.

2018-ci il: Həsən Ruhani sənaye, kənd təsərrüfatı və turizm sahələrində yeni razılaşmalar imzalayır.

2024-cü il: İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa dövlət sərhədində görüşür - bu, Azərbaycanın suverenliyinə ehtiramın rəmzi bir ifadəsi olur.

İndi isə estafeti Məsud Pezeşkian qəbul edir. Onun Bakıya səfəri təkcə bir ənənənin davamı deyil. Bu, diplomatiyanın praqmatik iqtisadiyyata, ehtiyatlılığın isə şüurlu strateji seçimə çevrildiyi yeni bir mərhələnin başlanğıcıdır.

Azərbaycan-İran münasibətlərini Qarabağ məsələsində Tehranın mövqeyini nəzərə almadan təhlil etmək mümkün deyil. İllər boyu İran qeyri-müəyyən bir xətt yürüdürdü: bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə bölgədə Türkiyənin təsirinin artmasından ehtiyatlanaraq İrəvanla flirt edirdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra İran yeni bir reallıqla üz-üzə qaldı: Qarabağ Azərbaycandır. Və artıq heç bir pərdəarxası manevr bu gerçəyi dəyişə bilməz.

Bu gün Tehran, görünür, bunu getdikcə daha dərindən anlayır. Məsud Pezeşkianın Bakıya səfəri də məhz köhnə səhifəni bağlamaq və Bakıya suverenliyə və qarşılıqlı maraqlara əsaslanan səmimi tərəfdaşlıq təklif etmək cəhdi kimi qiymətləndirilə bilər.

Bu, ciddi bir dönüşdür. Lakin etimad bir günün içində qurulmur. Qarşıda niyyətlərin və səmimiyyətin uzun və çətin sınaq yolu dayanır.

Bəhs etdiyimiz məqamlarpla bahəm, Azərbaycan Çinlə əməkdaşlığını sürətlə dərinləşdirir. 2024-cü ildə Bakı ilə Pekin arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə geosiyasi bir zəlzələ effekti yaratdı.

Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünün, xüsusilə də Orta (Transxəzər) dəhlizinin mühüm halqasına çevrildi. Bu isə obyektiv olaraq Bakının hər hansı regional oyunçudan, o cümlədən İrandan asılılığını azaldır.

Tehran bunu çox yaxşı anlayır: Azərbaycan indi alternativ inkişaf yollarına malikdir və öz maraqlarını daha sərt şəkildə müdafiə edə bilir.

Belə durumda İran üçün həyati əhəmiyyət kəsb edən bir sual yaranır: Bakı üçün cəlbedici, faydalı və hörmətə layiq tərəfdaş olmaq.

Cənubi Qafqazda yeni bir nizam formalaşır. Dünya sürətlə və sərt şəkildə dəyişir. Kim uyğunlaşa bilməsə, tarix səhnəsindən kənarda qalacaq.

Azərbaycan enerji, nəqliyyat və beynəlxalq diplomatiya sahələrindəki uğurlu təcrübəsinə söykənərək bu yeni nizamın əsas memarlarından birinə çevrilir.
İran isə təsir dairəsini qorumaq istəyirsə, keçmişin ikili siyasətlərindən imtina etməli və Azərbaycana açıq əllərlə, real təkliflərlə yaxınlaşmalıdır. Boş bəyanatlarla yox, konkret və qarşılıqlı faydalı təşəbbüslərlə.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri sadəcə növbəti diplomatik nəzakət addımı deyil. Bu, bir gerçəklik anıdır.

Bu gün həm Azərbaycan, həm də İran qarşısında eyni sual dayanır: biz sadəcə qonşu olmaqla kifayətlənəcəyik, yoxsa gerçək strateji müttəfiqə çevriləcəyik? Biz bölgədə dondurulmuş münaqişələrə, ikili standartlara və gizli oyunlara yer olmayan yeni bir düzən qurmağa hazırıqmı?

Suala veriləcək cavab Cənubi Qafqazın gələcək onilliklərdəki simasını müəyyən edəcək.

Azərbaycan gələcəyə inamla, açıq gözlərlə və möhkəm əllə irəliləyir. İran isə indi öz seçimini etməlidir.

Və ilk addıma - Pezeşkianın səfərinə - baxsaq, dayanıqlı və qarşılıqlı faydalı tərəfdaşlıq qurmaq şansının hələ də mövcud olduğu görünür.

Xəbər lenti

Xəbər lenti