Bakı. Trend:
İslandiya ABŞ-də yeni administrasiyanın hakimiyyətə gəlməsi fonunda öz müdafiə qabiliyyətini gücləndirməyi və Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları bərpa etməyi nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
İslandiyanın xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir bildirib ki, ölkə 2027-ci ildən gec olmayaraq Aİ-yə üzvlük üzrə danışıqların davam etdirilməsi məsələsinə dair referendum keçirməyi planlaşdırır. Bununla yanaşı, avroya mümkün keçid və İslandiya kronunun saxlanması ilə bağlı üstünlüklərin və çatışmazlıqların qiymətləndirilməsi məqsədilə ekspert komissiyasının yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, İslandiya 2013-cü ildə Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırıb və 2015-ci ildə özünü Aİ-yə namizəd ölkə hesab etmədiyini rəsmən bəyan etmişdi. Lakin beynəlxalq siyasətdə baş verən dəyişikliklər, xüsusilə də ABŞ-nin yeni administrasiyasının addımları İslandiyanı bu məsələyə yenidən baxmağa sövq edib.
Müdafiə sahəsində də ölkə təhlükəsizliyini gücləndirmək istiqamətində addımlar atır. Xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Q. Braun kiçik ilə görüşərək Arktika və Şimali Atlantikada əməkdaşlıq, hibrid təhlükələrə qarşı mübarizə və ümumi təhlükəsizlik məsələlərini müzakirə edib.
İyunda keçirilən sorğunun nəticələrinə görə, islandiyalıların 54%-dən çoxu Aİ-yə qoşulmanı dəstəkləyir, 74,2%-i isə bu məsələnin referendum vasitəsilə həll olunmasını vacib hesab edir.
İslandiya bununla beynəlxalq vəziyyətdəki dəyişiklikləri və milli maraqları nəzərə alaraq həm müdafiə sahəsində güclənməyə, həm də Avropa İttifaqına inteqrasiya imkanlarını yenidən dəyərləndirməyə çalışır.