Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 129,8 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 6,8 milyon manat və ya 5,5% çoxdur.
Eyni zamanda, hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 25,6 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 2,1 milyon manat və ya 7,6% azdır.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 123 milyon manat, ödənişləri isə 27,7 milyon manat olub.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur.
Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7% çoxdur.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığorta haqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.
Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.